Türkmən və Azərbaycan xalqlarının eyni etnik kökə, mədəniyyətə və dinə mənsubluğu hər iki ölkənin əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamalarına, qarşılıqlı əlaqələrinin inkişafına zəmin yaradıb.
Bunu açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, xüsusi ilə, son illərdə Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq, ikitərəfli münasibətlərin inkişaf dinamikası artan xətlə davam edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Türkmənistan əməkdaşlığında iqtisadi, humanitar, nəqliyyat və digər sahələrdə çox yaxşı nəticələr əldə edilib. Bu günlərdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Bakıya rəsmi səfəri, səfər çərçivəsində dövlət başçılarının keçirdiyi görüşlərdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi, əməkdaşlığın vacib istiqamətləri üzrə sazişlərin imzalanması ölkələr arasında əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir. Ən yüksək səviyyədə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin mahiyyəti yaxın gələcəkdə ikitərəfli əməkdaşlığın daha da genişlənəcəyini söyləməyə əsas verir.
Ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətləri iri enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi sahəsində də uğurlu olub. Aydın məsələdir ki, Azərbaycanla Türkmənistan arasında dostluq əlaqələri Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün birbaşa əhəmiyyət daşıyır. Mərkəzi Asiyanı Qafqazla birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsi ilə Türkmənistandan və Azərbaycandan keçir. Beləliklə, bu ölkələr arasındakı dostluq münasibətləri sözügedən marşrutu istifadə edən region ölkələrinin yüklərinin rahatlıqla dünya bazarına ixrac edilməsinə, eləcə idxal mallarının ən qısa müddətdə və ən ucuz yolla daşınmasına imkan yaradır. Bu isə ölkələrin iqtisadiyyatına və əhalinin rifahına birbaşa təsir edən amil kimi özünü göstərir. İki ölkə arasındakı dostluq münasibətləri, eləcə də bütövlükdə Xəzər hövzəsində dostluq, qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə öz töhfəsini verir.
Azərbaycan Prezidentinin təşəbbüsü və siyasi iradəsinin məhsulu olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən Avrasiya qitəsinin mərkəzində yerləşən Türkmənistanın da geniş istifadə etməsinə şərait yaradıb. Bu xətt Türkmənistana minimum xərclə Avropa bazarlarına çıxarmağa, gəlir əldə etməyə imkan verəcək.
Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar, qeyri-enerji sektorunun inkişafı istiqamətində atılan addımlar, əldə edilən nəticələr hər zaman qardaş Türkmənistanın marağına səbəb olub. Eyni zamanda Türkmənistanın son illərdə keçdiyi şərəfli inkişaf, quruculuq yolu ölkəmizin daim diqqət mərkəzində olub. Hər iki ölkə rəhbərlərinin qarşılıqlı etimadı, dostluq və qardaşlıq münasibətləri Azərbaycan- Türkmənistan dövlətlərinin əməkdaşlığına, əlaqələrin inkişafına geniş imkanlar açıb, hər iki dövlətin daha da yaxınlaşmasını zəruri edib.