Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulan “Yelo Bank”ın səhmdarları ölkədə koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi üçün 200 min manat ayırıb.
“Report” xəbər verir ki, bu vəsaitdən 150 min manatı artıq 2020-ci ilin martın 19-da yaradılan Koronavirusla mübarizə fonduna köçürülüb.
“”Yelo Bank” COVID-19 ilə mübarizə istiqamətində ölkə rəhbərliyinin və hökumətin atdığı addımları dəstəkləyir. Hamı üçün çətin bir vaxtda biz həmrəylik nümayiş etdirməliyik. Biz Azərbaycan Respublikası prezidentinin təşəbbüsünü dəstəkləyirik, üstəlik, vətəndaşlarımızın sağlam və təhlükəsiz şəraitdə yaşamasının təmin olunması üçün əlimizdən gələni etməyə hazırıq”, – deyə “Yelo Bank”ın Müşahidə Şurasının sədri Marina Kulişova bildirib.
Bankın rəhbəri onu da əlavə edib ki, “Yelo Bank” virusa yoluxma hallarının qarşısının alınması, müştərilərinin və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə maarifləndirmə işlərini davam etdirir.