Tacikistanın Soqd vilayətinin mərkəzi Xocənd şəhərində böyük Novruz şənliyi keçirilib.
AZƏRTAC Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, şənlikdə Prezident Emoməli Rəhmon, hökumətin və parlamentin üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tacikistan Prezidenti Emoməli Rəhmon Novruz bayramı münasibəti ilə şənliyə toplaşanları və ölkədə yaşayan bütün xalqların nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb. Dövlət başçısı bu bayramın tarixi haqqında məlumat verərək bildirib ki, Novruz bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olaraq insanları sülhə, əmin-amanlığa səsləyir.
Sonra Novruz bayramı münasibəti ilə böyük bayram konserti olub.
Xatırladaq ki, Mərkəzi Asiya dövlətləri arasında Tacikistan yeganə ölkədir ki, burada hələlik koronavirusa yoluxma qeydə alınmayıb.