Qloballaşma proseslərinin sürətlə getdiyi XXI əsrin yeni bəlası – koronovirus pandemiyası çox qısa zaman kəsiyində sərhəd tanımadan dünyanı ağuşuna almaqda davam edir. Dünyada iqtisadi, mədəni və humanitar əlaqələr, turizm və nəqliyyat strukturu dondurulub, beynəlxalq biznes, idman və s. kütləvi tədbirlər təxirə salınıb, insanlar koronavirus təhlükəsindən qorunmaq üçün karantin rejiminə məhkum olub.
Üç ay ərzində bütün dünyaya “ayaq açan” yeni virus insanların həyatını təhdid etməklə yanaşı, yer kürəsi ölkələrinin iqtisadiyyatı, dövlət rəhbərlərinin qərar qəbulunda çevikliyini sınağa çəkib. Belə çətin vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin çevik qərarları, önləyici təhlükəsizlik tədbirləri ölkə vətəndaşlarının hər birinin sağlamlığının qorunmasının dövlət siyasətinin prioritet vəzifəsi olduğunun təsdiqi odu.
Prezidentin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, mübarizə tədbirləri üçün külli miqdarda vəsaitin ayrılması, Fərman və sərəncamların imzalanması, bütün səviyyələrdə önləyici tibbi və sosial tədbirlərin həyata keçirilməsi, virusun kütləvi şəkildə yayılmasının qarşısını alan addımlardır. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı ilə ölkəmizdə əhalinin infeksiyadan qorunmasına yönələn kompleks tədbirlər həyata keçirilir Bu da hər şeydən əvvəl Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısı və diqqəti kimi qiymətləndirilməlidir.
Ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi – bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələrinin tələb olunması effektiv mübarizə prosesi çərçivəsində mühüm əhəmiyyət kəsb etməklə yanaşı ölkə iqtisadiyyatına da böyük zərbə oldu. Virusun milli iqtisadiyyata mənfi təsirlərinin qarşısını almaq, böhranın Azərbaycana təsirini azaltmaq üçün hökümətin dəstək proqramı hazırlaması, indiki şəraitdə hər bir vətəndaşın, hər bir sahibkarın yanında olması, öz dəstəyini göstərməsi ölkəmiz bu sınaqdan da ləyaqətlə və daha az itkilərlə çıxacağına zəmanət verir. İqtisadiyyat nazirinin rəhbərliyilə İşçi qrupunun hazırladığı 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 9 proqrama əsasən ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi də əsas götürülüb. Belə ki, pandemiyadan daha çox zərərçəkmiş sahələr – ticarət və xidmət sektoru, mikro sahibkarlarlar da dövlət dəstəyindən yararlanacaqlar. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək. Vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib.
Beləliklə, bu gün koronovirus pandemiyasının dünyanı ağuşuna almaqda davam etdiyi bir vaxtda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir, vətəndaşların sosial müdafiəsi ilə bağlı paket hazırlayır. Bu da pandemiyanın ölkəmizə təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi qoruyacaq.
millət vəkili
Naqif Həmzəyev