Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası pandemiya təhlükəsinin aradan qalxacağı ilə bağlı yekun tarixin bəlli olmamasını nəzərə alaraq üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək, mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsini və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə 2 aprel 2020-ci il, saat 15:00-da “QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirməyi planlaşdırır.
TED.az xəbər verir ki, konfransda bu mövzular müzakirə olunacaq:
1) QHT-lərin ölkə üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsində rolu, “Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və məlumatlandırma kampaniyasında iştirakının hazırkı vəziyyəti;
2) Şuranın 2020-ci il qrant müsabiqəsinin qalibi olan QHT layihələrinin mövzularının dəyişdirilərək koronavirusla mübarizə tədbirlərinə yönəldilməsi və bununla bağlı onların ideya və təkliflərinin dinlənilməsi;
3) Koronavirusla bağlı mübarizədə ümummilli həmrəyliyin gücləndirilməsində QHT-lərin rolu və vəzifələri;
4) Koronovirusla mübarizədə QHT sektorunun töhvəsi ilə bağlı ən yaxşı xarici təcrübə.
Konfransda iştirak etmək istəyən QHT təmsilçiləri həm android, həm iOS-dan “Zoom cloud meeting App” proqramını endirməklə qeydiyyatdan keçə bilərlər.
Onlayn konfransda iştirak etmək üçün aşağıdakı təlimatda ətraflı məlumat əksini tapıb.
“QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”na qoşulmaq üçün internet brauzeriniz vasitəsi ilə qeyd olunan linkə keçid edərək proqramı kompüter və telefonunuza yükləyirsiniz. Daha sonra proqramı açaraq adınızı və iştirak istəyinizi qeyd edib konfransa qoşula bilərsiniz.
Çox sayda şəxsin iştirak etdiyi videokonfrans zamanı əsas səs dinamiki istisna olmaqla digər mikrofonların səssiz rejimdə saxlanılması tövsiyə olunur. Konfrans zamanı çıxış etmək istədikdə bunu çat hissəsinə yazmağınız lazımdır.
Videokonfrans zamanı aşağıdakı qaydalara əməl etməyiniz tövsiyə olunur:
● Konfrans iştirakçılarını dinlədiyiniz zaman mikrofonunuzu səssiz rejimdə saxlayın. Bir neçə şəxsin eyni anda danışmasının qarşısını almaq məqsədilə bütün mikrofonlar səssiz rejimdə olacaq. Çıxış etmək istədikdə isə videokonfransın çat hissəsinə yazıb söz aldıqdan sonra mikrafonu açmağınız lazımdır.
● Dinamiklərdən gələn səs mikrofonu üstələdiyi zaman mikrofonunuzu yandırın.
Videokonfrans iştirakçılarınının qulaqcıqlardan istifadə etməsi xahiş olunur.