Son üç ay ərzində bütün dünyaya “ayaq açan” koronavirus pandemiyası insanların həyatını təhdid etməklə yanaşı, yer kürəsi ölkələrinin iqtisadiyyatının bütün istiqamətlərində durğunluğa səbəb oldu.
Belə çətin vaxtda vaxtda ölkəmiz müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını – pandemiyanın iqtisadiyyata mənfi təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi qoruyacaq vətəndaşların sosial müdafiəsi ilə bağlı paket hazırladı.
Azərbaycan Prezidenti İlham Əliyevin çevik qərarları, önləyici təhlükəsizlik tədbirləri sayəsində hazırlanan dəstək proqramların əsas məqsədi iş yerlərinin azaldılmaması, sahibkarlıq subyektlərində çalışan işçilərin əməkhaqlarının ödənilməsinin təmin edilməsi, mikro və fərdi sahibkarların çəkə biləcəyi zərərin qarşısının alınması, maliyyə və bank sektorunun qorunmasıdır.
İpotekadan təhsil haqqına, işıq pulundan bank borcuna qədər müxtəlif sahələrdə əhaliyə və biznesə genişmiqyaslı dövlət dəstəyini əhatə edən yardım proqramı bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu gün iqtisadiyyatda baş verə biləcək bütün mənfi tendensiyalara layiqli cavab vermək üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir.
Ölkə Prezidentinin birbaşa nəzarəti altında, çox qısa zaman kəsiyində əhalinin bütün həssas qruplarının ehtiyacları nəzərə alınaraq sistemli sosial-iqtisadi dəstək proqramının ərsəyə gəlməsi hər bir ölkə vətəndaşının sosial rifahının, həyat səviyyəsinin qorunmasının dövlət siyasətinin prioritet vəzifəsi olduğunun daha bir təsdiqidir.
Təxminən 2,5 milyard manat həcmində nəzərdə tutulan bu nəhəng sosial dəstək proqramı ölkə üzrə karantin rejimində zərər çəkən bütün sektorları əhatə edir. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkar, 304 min muzdlu işçi, 292 min mikrosahibkar dövlət dəstəyindən yararlanacaq.
Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısı və diqqətinin daha bir təzahürü olan dəstək proqramında əhaliyə göstərilən kommunal xidmətdə güzəştlərin olacağı da açıqlanıb. Əhali üçün elektrik limitinin 100 kilovat artırılması həssas məqmlardandır.
Koronovirus pandemiyasının dünyanı ağuşuna almaqda davam etdiyi bir vaxtda, neft gəlirlərinin azaldığı bir mərhələdə hər zaman xalqın, dar gündə də, xoş gündə də vətəndaşının yanında olan Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz geri çəkilmədi, pandemiyanın ölkəmizə təsirini minimuma endirmək, makroiqtisadi sabitliyi qorumaq üçün həyata keçirdiyi ən böyük iqtisadi dəstək proqramı ilə özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi və
“Biz birlikdə güclüyük!” şüarını təsdiqlədi.