Türk Şurasının Baş katibi Bağdad Amreyev Türk Şurasına üzv dövlətləri arasındakı əməkdaşlığı, davamlılığı və həmrəyliyi yüksək qiymətləndirib.
Şuradan Trend-ə verilən məlumata görə, Baş katib beynəlxalq birliyin COVID-19 ilə mübarizədə əlaqəli və qətiyyətli səy göstərməli olduğunu vurğulayaraq, dünyanın bu qlobal böhrana qarşı birgə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.
O, həmçinin mövcud əməkdaşlıq mexanizminin üzv dövlətlərin əlaqələndirilmiş tədbirlər görməsinə imkan yaratdığını əlavə edib.
Baş katib Türk Şurası üzv dövlətlərinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, eləcə də müşahidəçi dövlət statusunda olan Macarıstanın ölümcül COVID-19 pandemiyasının yaratdığı problemlərin həllində qətiyyət nümayiş etdirdiklərini vurğulayıb:
“Pandemiyanın qlobal şəkildə yayılmağa başlamasından etibarən Türk dünyasının liderləri bir-biri ilə sıx əlaqədə olub və aidiyyəti nazirliklərə və qurumlara vətəndaşlarının təhlükəsiz təxliyəsinin təşkili, sərhədlərin bağlanması, beynəlxalq uçuşların dayandırılması, təcrübə və məlumat, mübadiləsi, habelə tibbi yardım və təchizatla təminat kimi zəruri tədbirlərin görülməsini tapşırıb.
Bu birgə səylər və əməkdaşlıq çərçivəsində Azərbaycana sınaq dəstlərini göndərən və bu qardaş ölkəyə xəstəliyə ilk yoluxan xəstələrin diaqnozu üçün lazımi imkanlara çatmaqda kömək edən ilk ölkə Türkiyə oldu.
Bundan əlavə, Türkiyə və Qırğızıstan Respublikası tərəfindən birlikdə idarə edilən Bişkekdəki Qırğız-Türk Dostluq Xəstəxanasının, Qırğız Respublikası Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə istifadə edilməsinə Türkiyə razılıq verib.
Bundan başqa, Özbəkistan prezidentinin təşəbbüsü ilə qonşu Qırğızıstana bu qardaş xalqın acısını yüngülləşdirmək üçün humanitar yardım göndərilib.
Bənzər bir şəkildə Qazaxıstan hökuməti Çin və Hindistandan Qırğızıstan vətəndaşlarının hava yolu ilə evakuasiya edilməsinə kömək edib.
Bu çətin dövrdə, Türk Şurası üzv dövlətləri, Avropada epidemiyanın yayılmasına işarə edən ilk xəbərlərdən dərhal sonra Macarıstana tibbi yardım göstərən ilk ölkələr oldular. Azərbaycan, Özbəkistan və Türkiyə Macarıstana çox ehtiyac duyulan maskalar daxil olmaqla tibbi ləvazimatlar çatdırıb. Macarıstanın xarici işlər naziri Peter Szijjarto 16 mart 2020-ci il tarixli bəyanatında, təcili cavab və kömək üçün Türk Şurası üzv dövlətlərinə dərin minnətdarlığını bildirib. O, bu yardımların Türk dünyası ilə güclü həmrəyliyin daha bir konkret göstəricisi olduğunu da bəyan edib.
Bundan əlavə, Türkiyənin özəl sektoru Qazaxıstana dəstəyin göstərilməsi baxımından da mühüm rol oynayıb. Ankarada fəaliyyət göstərən Türkiyənin “YDA Group” şirkəti, tibbi yardım materialları, üz maskaları, təhlükəsizlik gözlükləri və əlcəklərdən ibarət yardım paketi göndərib və keçən həftə Qazaxıstanın müxtəlif xəstəxanalarına təhvil verib”.
Baş katib B.Amreyev üzv dövlətlər arasında davamlı qətiyyət və sıx əməkdaşlığa inamını vurğulayıb. O, Türk dünyasının COVID-19-a qarşı bu qlobal mübarizədə bütün beynəlxalq ictimaiyyətlə həmrəy olacağına əminliklə inanır.
Baş katib, Türk dünyası liderlərinin bu məsələ ilə əlaqədar yüksək səviyyəli məsləhətləşmələri və zəruri olan əlavə tədbirlərin görülməsiylə misli görünməmiş bu çətinliklərin öhdəsindən gəlmək üçün birgə səylərini davam etdirməyə qərarlı olduqlarını qeyd edib.