Azərbaycanın Energetika Nazirliyi “OPEC+” ölkələrinin nazirlərinin qərarını yüksək qiymətləndirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “OPEC+” ölkələrinin nazirlərinin X iclasında neft istehsalçıları, istehlakçıları, bütövlükdə dünya itisadiyyatı üçün tarixi bir razılaşma əldə olundu. Bu format çərçivəsində ilk dəfə olaraq 2 illik müddəti və böyük istehsal həcmlərinin ixtisarını nəzərdə tutan, qlobal dəstəklə müşayiət olunan bir qərar qəbul edildi.
“OPEC+” formatında atılan bu addımlar neft bazarına bir neçə istiqamətdə dəstək verir. Əvvəla, hasilatın azaldılması ilə bağlı qərarın mayın 1-dən icrası qarşısında bütün maneələr aradan qalxmış olur. İkincisi, bu qərarın əhəmiyyəti “OPEC+” hesabına yalnız may-iyun aylarında gündəlik hasilatın 9,7 milyon barrel həcmində azaldılması ilə məhdudlaşmır. Eyni zamanda, Səudiyyə Ərəbistanı, Kuveyt və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən aprel ayında planlaşdırılan gündəlik 2,7 milyon barrel həcmində neft istehsal edilməyəcək. Bundan başqa bu qərar “OPEC+” formatından kənar ölkələrin də hasilatı azaltmalarını təşviq edir və ilk dəfə olaraq digər iri neft istehsalçıları da bu prosesə qoşulur. ABŞ-ın Meksikanın öhdəliyinin 300 min barrelini öz üzərinə götürməsi buna bir nümunədir. ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya kimi iri neft istehsalçılarının “OPEC+” ölkələri ilə həmrəylik nümayiş etdirərək gündəlik neft istehsalını 4-5 milyon barrel həcmində könüllü şəkildə azaldacaqları nəzərdə tutulur. Beləliklə, İran, Venesuela və Liviyada gündəlik xam neft hasilatının 2,8 milyon barrel azalacağını da nəzərə alsaq, “OPEC+” ilə başlayan və digər ölkələrlə dəstəklənən təşəbbüs çərçivəsində mayın 1-dən etibarən dünya neft bazarına ümumilikdə gündəlik 20 milyon barrel az neft daxil olacaq. Bu isə koronavirus pandemiyasının neftə qlobal tələbatı kəskin zəiflətdiyi bir vəziyyətdə neft bazarına və neftin qiymət sabitliyinə çox böyük töhfədir.
Neft bazarında tarazlığın yaradılmasında ilkin vaxtlardan mühüm rol oyanayan Azərbaycan isə bu dəfə də neft ölkələri arasında uzlaşmanın təmin edilməsində səylərini əsirgəmədi. Azərbayanın bu prosesə töhfəsi dünənki iclasda Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdüləziz bin Salman tərəfindən yüksək qiymətləndirildi. O, ölkələrə təşəkkür edərkən, həm 6 mart, həm də 9 aprel tarixlərində keçirilən iclaslar zamanı nümayiş etdirdiyi mövqeyinə, məsləhətləşmələr prosesində fəal roluna görə Azərbaycanın adını xüsusilə qeyd etdi və minnətdarlığını bildirdi.
Azərbaycan üzərinə götürdüyü öhdəlikləri may ayından etibarən yerinə yetirməklə neft bazarının balanslaşdırılması prosesinə töhfəsini davam etdirəcək”, – deyə nazirliyin məlumatında qeyd olunur.
“Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş son düzəlişə əsasən, “OPEC+”ölkələri üzrə gündəlik neft istehsalı ilə bağlı kvotalar may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel həcmində qərarlaşır.