Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC 18 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib.
Bu barədə Türk.az-a qurumdan məlumat verilib.
Məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla qurum tərəfindən yük avia şirkəti ilə danışıqlar aparılaraq beynəlxalq poçt daşımaları barədə razılığa gəlinib.
Hal-hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Honq-Konq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Malaziya, Niderland, Norveç, Koreya, Amerika Birləşmiş Ştatları, Ukrayna, Rusiya, Türkiyə və Sinqapura beynəlxalq poçt göndərişlərinin qəbulu bərpa olunub. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda, məlumatlar azerpost.az saytında yerləşdiriləcək.
Qeyd edək ki, hazırda xarici ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.
Xatırladaq ki, “Azərpoçt” Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırıldığı və mövcud reyslər təxirə salındığı üçün 16 mart tarixindən beynəlxalq poçt göndərişlərinin qəbulunu dayandırmışdı.