Ölkəmiz koronavirus pandemiyasından az itkilərlə çıxmaq əzmindədir

Azərbaycan Prezidenti İlham Əliyev 2020- ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizin koronavirusla bağlı vəziyyəti nəzarət altında saxladığını bildirib. Dövlətimizin başçısı, eyni zamanda, düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimin mərhələli yollarla sərtləşdirilməsinin xəstələrin sayının artmağa imkan vermədiyini vurğulayıb.

Koronavirus pandemiyasına qarşı hər hansı bir dövlətin özünü tam sığortalı hesab etmədiyini bildirən Prezident İlham Əliyev daha sonra deyib: “Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu ar­tıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararla­nıb oxşar addımlar atır. Biz bunu görürük”.

Ölkə rəhbərinin bu sözlərindən göründüyü kimi, dünyanı ciddi təşvişə salan, minlərlə in­sanın ölümünə səbəb olan koronavirus pan­demiyasına qarşı mübarizə bu bəla özünü göstərməyə başladığı vaxtdan Azərbaycan hökumətinin fəaliyyətində mühüm önəm daşıyıb. Prezident İlham Əliyevin tapşırığı əsasında, Nazirlər Kabineti yanında yaradılan operativ qərargah koronavirusun yayılması­nın qarşısının alınması istiqamətində gərgin iş rejimində səmərəli tədbirlər həyata keçi­rib. İlk növbədə epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılıb, virusa yoluxma hallarının qarşısının alınması, zəruri profilak­tik tədbirlərin gerçəkləşdirilməsi ilə əlaqədar vacib addımlar atılıb, əhaliyə lazımi məlumat və tövsiyələr verilib, vətəndaşların rifah halının düşməməsi istiqamətində əməli işlər görülüb.

Sadalananlarla bərabər, ölkəmizdə uşaq bağçaları, məktəblər, ictimai iaşə obyektləri bağlanılıb. Xaricdən gələn Azərbaycan vətəndaşları 4-5 ulduzlu otellərdə, Atletlər kəndində, Lənkəran, Lerik, Nabran və Bakı şəhərinin otellərində, istirahət zonaların­da yerləşdirilib. Respublikamızın müxtəlif yerlərində 10-dan çox tibb müəssisəsi, eləcə də ən müasir xəstəxana- “Yeni klinika” koro­navirus xəstələrinin sərəncamına verilib.

Onu da qeyd edim ki, pandemiyanın ölkəmizə təsirini minimuma endirmək üçün bütün tədbirlərdən istifadə edilib. İqtisadiyyat Nazirliyi tərəfindən 10 istiqamətdə xüsu­si proqram hazırlanıb. Həmin proqramda sahibkarlığın dəstəklənməsi, vergi güzəştləri, ipoteka kreditləri, elektrik enerjisinin limitinin artırılması kimi bir sıra mühüm məsələlərin ic­rası nəzərdə tutulub və artıq işlərə başlanılıb.

Yeri gəlmişkən, təxminən 2,5 milyard ma­nat həcmində nəzərdə tutulan sosial dəstək proqramı ölkə üzrə karantin rejimində zərər çəkən bütün sektorları əhatə edir. Başqa sözlə, bu, 44 min sahibkarın, 304 min muzdlu işçinin, həmçinin 292 min kiçik sahibkarın dövlət dəstəyindən yararlanması deməkdir.

Dəstək proqramının əsas hədəfi kimi qarşıya biznes sektoru, istehsal, xidmət müəssisələri və rentabelli təşkilatların da­yanıqlılığını təmin etmək vəzifəsi qoyulub. Şübhəsiz ki, bu zaman sahibkarlığın, bizne­sin qarşılaşdığı sosial-iqtisadi çətinliklərin qısa bir zamanda aradan qaldırılması ilə iqti­sadi sabitliyin təmin edilməsi nəzərə alınıb.

Müxtəlif istiqamətləri əhatə edən dəstək proqramında ayrı-ayrı iqtisadi sektorlara vergi güzəştləri və vergi tətillərinin verilməsi də mühüm önəm daşıyır. Bu, həmin sahələrin öz resurslarını səfərbər edərək inkişafını davam etdirməsinə imkan verəcək.

Bütün bunlardan da aydın görünür ki, dövlətimiz hər zaman xalqının, vətəndaşının yanında olan Prezident İlham Əliyevin rəhbərliyi ilə sözügedən bəlanın ölkəmizə təsirini minimuma endirmək üçün həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə, ən böyük sosial- iqtisadi dəstək proqramı ilə özünün güc-qüdrətini bir daha nümayiş etdirir və “Biz birlikdə güclüyük!” şüarını təsdiqləyir.

Azər VERDİYEV,
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq

Əvvəlki“Virtual əlaçı” bilik yarışmasına start verilir
NövbətiNaxçıvanda yeni təyinatlar olub