Rusiyadakı Azərbaycan vətəndaşlarının ölkəyə geri dönüşü ilə bağlı onlayn qeydiyyat portal yaradılıb

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı yeni onlayn qeydiyyat portal yaradılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Rusiya ərazisində müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız www.evegedirem.info internet səhifəsində qeydiyyata düşməklə elektron növbə ardıcıllığına yazılacaq və beləliklə də onların Azərbaycana geri dönüşü prosesinə kömək göstəriləcək.

Bu il aprelin 18-dən başlayan qeydiyyat aprelin 23-də Moskva vaxtı ilə saat 00:00-dək davam edəcək.

Portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcək, eləcə də vətəndaşların sərhəd-keçid mənqətələrindən müəyyən olunan sayda buraxılışının təmin edilməsi istiqamətində işlər tənzimlənəcək.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı vətəndaşlarının sərhəd-keçid məntəqələrinə gedib gözləmələrinə heç bir lüzum yoxdur və yaradılan internet səhifəsində qeydiyyatdan keçən vətəndaşlara ölkəyə geri qayıtmaları ilə bağlı telefon zəngləri vasitəsilə əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, ölkəyə qayıdan hər bir vətəndaş karantində yerləşdiriləcək.

ƏvvəlkiAFFA yarışların təxirəsalınma müddətini uzatdı
Növbəti“Dərs vaxtı”nın 20 aprel cədvəli dərc edildi