Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinnin yük daşımada Çindən Avropaya qədər bir alternativ rolunu oynaması Türkiyənin prioritetləri arasındadır.
Bunu “Report”a Asiya – Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlu bildirib.
Onun sözlərinə görə, bu çərçivədə rəsmi Ankara BTQ-ni Türkiyə ixrac mallarının Orta Asiya ölkələrinə daşınması üçün vacib bir yol hesab edir:
“Aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə zirvə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BTQ-nın daha təsirli və intensiv istifadə ehtiyacını gündəmə gətirdi. Türkiyə prezidenti BTQ xətti ilə gündə əlavə 3 500 ton yük daşımaq üçün səy göstərilməli olduğunu vurğuladı. Bu məqsəd üçün Türk Şurasına üzv ölkələri arasında keçid kvotalarında, sürücü vizaları kimi məsələlərində işin asanlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
“Ro-Ro” xətlərində rüsumların azaldılması, lazımi əlavə sənədlərin təqdim edilməsi və qarşılıqlı əlaqə çərçivəsində ödənişlərin qaldırılması BTQ-nin yükləmə qabiliyyətini artıracaqdır. Xüsusi ilə hazırda koronavirus pandemiyasına görə ənənəvi yük daşımada hazırda müəyyən qədər ləngimələr müşahidə edilir. Lakin BTQ insan olmadan, təmassız yükdaşımanı təmin etdiyinə görə Türk Şurası ölkələri arasında vacib bir missiyanı öz üzərinə götürə bilər”.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.