AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri məlum səbəblərdən sosial təcrid dövründə yaradıcılıqlarını evdə qalaraq davam etdirirlər. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Rauf Şeyxzamanlı Fətəli bəyin şeirlər toplusunu nəşrə hazırlayıblar. Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan məlumat verilib. Bildirilib ki, nəşrə geniş ön söz yazılıb. Müəllifin farsca şeirlərini ana dilimizə Paşa Kərimov tərcümə edib. Kitabın elmi redaktorları filologiya elmləri doktoru Xəlil Yusifli və böyük elmi işçi, şərqşünas Mustafa Əliyevdir.
Cavad xanın qardaşı Fətəli bəy Ziyadoğlu Hali Gəncəvi haqqında çox az məlumat olan, əsərləri indiyədək çap edilməmiş şairlərimizdən biridir. Onun şeirlər toplusu Əlyazmalar İnstitutunda saxlanılır. Buraya 37 qəzəl, 1 qəsidə, 11 məsnəvi, 17 qitə, 20 nəzm və 5 rübai daxildir. Bunlardan 1 qəzəl, 2 məsnəvi, 5 qitə və 1 nəzm fars, digər şeirlər Azərbaycan türkcəsindədir. Halinin əlimizə gəlib çatmış şeirlərinin mövzu dairəsi kifayət qədər genişdir. O, şeirlərində dövrünün bəzi hadisələrini xatırlayıb, ömrünün payızından, qocalıqdan danışıb, bir sıra müasirlərinə şeirlər, mənzum məktublar, həcvlər yazıb, didaktik nəsihətamiz fikirlərini ifadə edib. Halinin şeirlərinin çətin oxunan şikəstə-nəstəliq xətti ilə köçürülməsi, burada yol verilən bir sıra imla xətaları, şairin əsərlərini nəşr etdirməyə, onun ədəbi irsi haqqında ətraflı fikir söyləməyə mane olub.