Vatikanın Dinlərarası Dialoq üzrə Pontifik Şurasının İslamla dialoq departamentinin rəhbəri Monsinyor Xaled Akaşe Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadəyə sözügedən şuranın dünya müsəlmanlarına ünvanlanan Ramazan müraciətinin mətnini göndərərək onu Azərbaycandakı və Qafqazdakı bütün müsəlmanlara çatdırılmasını xahiş edib.
QMİ-dən “Report”a verilən məlumata görə, müraciəti imzalayan Pontifik Şurasının prezidenti Kardinal Migel Angel Ayuso Qiksot, Roma Papası Fransiskin 2016-ci ildə Azərbaycana səfəri zamanı ölkə dindarları ilə Heydər məscidində görüşünü xatırladaraq Papanın həmin görüşdəki çıxışından iqtibas gətirib.
Qeyd edək ki, Kardinal Migel Angel Ayuso Qiksot və Şeyxülislam Allahşükür Paşazadə Avstriya, İspaniya, Səudiyyə Ərəbistanı və Vatikan tərəfindən təsis olunmuş KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvləridirlər.
“Xristianlar və müsəlmanlar: İbadət yerlərini birlikdə qoruyaq” adlı müraciətin Azərbaycan dilində mətnini diqqətinizə təqdim edirik:
“Əziz müsəlman qardaş və bacılar!
Ramazan ayı sizin dininizdə olduqca mühüm yer tutur, və buna də görə də sizin üçün fərdi, ailəvi və cəmiyyət müstəvilərdə əzizdir. Ramazan ayı mənəvi paklıq, mənəvi inkişaf ayı, kasıblarla yardımlaşma ayı, qohum və dostlarla əlaqələrin möhkəmləndirmə ayıdır.
Biz, sizin xristian dostlarınız üçün isə bu ay sizi təbrik edərək, sizinlə görüşərək, mümkün olduğunda iftar məclisində birlikdə iştirak edərək aramızdakı dostluq münasibətlərini daha da möhkəmləndirmək üçün münasib bir zamandır. Odur ki, Ramazan və İd əl-Fitr xristianlar və müsəlmanlar arasında qardaşlıq münasibətlərini təşviq etmək üçün ayrıca bir fürsətdir. Buna uyğun olaraq Dinlərarası Dialoq üzrə Pontifik Şurası sizə dualar dolu xoş diləklərini yetirir və hamınızı ürəkdən təbrik edir.
Bu il gözəl ənənəmizə sadiq qalaraq sizinlə bölüşmək istədiyimiz fikirlər ibadət yerlərinin qorunması ilə bağlıdır.
Hamımızın bildiyi kimi, ibadət yerləri Xristianlıqda və İslamda, eləcə də digər dinlərdə mühüm yer tutur. Həm xristianlar, həm də müsəlmanlar üçün kilsələr və məscidlər həm fərdi, həm də birlikdə dua etmək, namaz qılmaq üçün ayrılmış yerlərdir. Bu yerlər elə inşa edilib qurulmuşdur ki, burada sükut içində düşünmək üçün, mənəvi yüksəliş üçün şərait olsun. Bu, elə yerlərdir ki, burada insan öz qəlbinin dərinliklərinə enə bilər. Məhz buna görə də burada Allahı dərk etmək üçün sükuta ehtiyac var. Və məhz buna görə istənilən dinin ibadət məkanı “dua evi” kimi qəbul edilir (Yeşaya, 56, 7).
İbadət yerləri, həm də başqa dinlərdən olanların da toy və cənazə mərasimlərində, bayramlarda və bunun kimi digər tədbirlərdə iştirak etdikləri mənəvi qonaqpərvərlik məkanıdır. Onlar bu tədbirlərə həmin dinə aid olanların adət və qaydalarına hörmət əlaməti olaraq sükutla qatılarkən, bunun əvəzində qonaqpərvərliklə qarşılanırlar. Bu cür təcrübələr, aradakı fərqləri nə ehmal, nə də inkar etmədən iman sadiblərini birləşdirən məqamların üstün dəlalətidir.
Bu baxımdan, Roma Papası Fransiskin 2 oktyabr 2016-cı il tarixində Bakıdakı (Azərbaycan) Heydər Əliyev məscidini ziyarət edərkən söylədiklərini xatırlatmağa dəyər: “Bu dua yerində qardaşlıq, dostluq şəraitində keçirilən görüşümüz dinlərin məsuliyyət hissilə davranan insanlar arasındakı münasibətlərə, onların xoş məramına əsaslanaraq birlikdə qura biləcəyi harmoniyaya güclü bir işarədir.”
Son vaxtlar ibadət yerlərini kor, mənasız zorakılıq əməlləri üçün öncəlikli hədəf kimi seçən pis niyyətli şəxslər tərəfindən kilsələrə, məscidlərə və sinaqoqlara edilən hücumlar kontekstində, Papa Fransisk və Əl-Əzhərin Baş İmamı Dr. Əhməd əl-Tayyib tərəfindən 4 fevral 2019-cu il tarixində Abu-Dabidə imzalanmış “İnsani Qardaşlıq, Dünyada Sülh və Birgə Yaşayış” sənədində yer alan fikri xatırlamaq yerinə düşər: “İbadət yerlərinin – sinaqoqların, kilsələrin və məscidlərin qorunması dinlər tərəfindən, insani dəyərlərlə, qanunlarla və beynəlxalq razılaşmalarla təmin edilmiş bir vəzifədir. İbadət yerlərini hücumlara, zorakılığa məruz qoymaq, onları bombalamaqla və ya dağıtmaqla hədələmək məqsədli hər bir cəhd, həm dinlərin öyrətdiklərindən yayınmaqdır, həm də beynəlxalq hüququn açıq pozulması deməkdir”.
Dünyadakı ibadət məkanlarının qorunması üçün beynəlxalq birliyin müxtəlif səviyyələrdə səylərini təqdir edir və ümid edirik ki, qarşılıqlı hörmət, ehtiram və əməkdaşlığımız səmimi dostluq əlaqələrimizi möhkəmləndirməyə vəsilə olacaq, icmalarımıza ibadət yerlərini qoruyub saxlamağa imkan yaradacaq, bununla da gələcək nəsillərin öz etiqadlarını azad bəyan etmələri kimi fundamental azadlıqlarını təmin edəcək.
Dinlərarası Dialoq üzrə Pontifik Şurasının adından bir daha öz ehtiramımızı və qardaş salamlarımızı yetirərək, sizə bərəkətli Ramazan ayı və sevinc dolu İd əl-Fitr bayramı münasibətilə ən xoş diləklərimizi çatdırırıq”