“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə, Şimal vaqon deposunda tikinti işləri davam etdirilir. Depoda vaqonyığma,avtoqoşqu və avtotormoz hissələrinin təmiri, təkər cütü və digər sexlər fəaliyyət göstərir.
Vaqonun hərəkət intensivliyindən asılı olaraq təkər cütlərinin diyirlənmə səthi yeyilir
və 7-10 ildən bir onların yenidən tərtib olunmasına təlabat yaranır. Yeni inşa edilən vaqon
təkər emalatxanası bu tələbatın ödənilməsinə xidmət edəcək. Burada “Azərbaycan Dəmir
Yolları” QSC-nin inventar və özəl park vaqonlarının təkər cütləri tərtib olunacaq.
Emalatxananın inşasında Bakı vaqon təmiri zavodundan demontaj olunmuş qurğu və
avadanlıqlardan istifadə edilib. Eni 28, uzunluğu 44 metr, ümumi sahəsi 1250 m2 təşkil
edir. Hər ay burada 500 vaqon təkər cütü tərtib etmək mümkün olacaq. Emalatxanada
təkər cütlərinin demontajı, yuyulması və digər işlər də yerinə yetirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov depoya baxış keçirib,
tikinti işlərinin gedişatı ilə tanış olub.
Qeyd edək ki, Biləcəri stansiyasında çən vaqonlarının təmiri üçün xüsusiləşdirilmiş
vaqon deposu 1934-cü ildə istifadəyə verilib. Ötən əsrin əvvəllərində Bakı ətrafında neft
mədənlərindən hasilatın artması ilə əlaqədar depoda daşınma və yük vaqonlarının təmiri
təşkil edilirdi.