Azərbaycan Ordusunun keçirəcəyi genişmiqyaslı əməliyyat-taktiki təlimlər heç şübhəsiz Ermənistanın hərbi-siyasi rəhbərliyini qorxuya salıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ordumuz təlimləri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində keçirir və burada beynəlxalq sənədlərin tələblərinin pozulmasından söhbət gedə bilməz. Bir daha bəyan edirik ki, Azərbaycan öz sərhədləri çərçivəsində istənilən sayda canlı qüvvə və müxtəlif döyüş texnikasını cəlb etməklə təlimlər keçirmək hüququna malikdir.
BMT Baş katibinin ümumdünya atəşkəsinə riayət etmək çağırışına istinad edən Ermənistan tərəfinə xatırladırıq ki, rəsmi Yerevan ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirməlidir.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mütəmadi təlimlər keçirməsi, beynəlxalq qurumların nəzarətindən yayınaraq külli miqdarda silah-sursat, döyüş texnikası və digər hərbi vasitələri gizlətməsi məhz rəsmi Yerevanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Vyana sənədinin əsas tələblərini kobud surətdə pozmasıdır.
Bildiririk ki, keçiriləcək təlimlərə Ermənistanın bu cür reaksiya verməsi, bir işğalçı dövlət kimi dünya ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini özündən yayındırmaq məqsədini güdür.
Müdafiə Nazirliyi bəyan edir ki, düşmən hər hansı bir təxribata cəhd göstərərsə Azərbaycan Ordusu Ermənistan tərəfinin bu hərəkətinin qarşısını güc tətbiq etməklə dərhal və qətiyyətlə alacaqdır.