Demək olar ki, 2003-cü ildə bizim enerji təsərrüfatımız tam köhnəlmişdi. Ancaq yeni elektrik stansiyalarının yaradılması və mövcud stansiyaların təmiri ilə bağlı atılan addımlar imkan verdi ki, biz enerji çatışmazlığını aradan götürdük.
Türk.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun çıxışında deyib. Prezident bildirib ki, Azərbaycan o vaxt xaricdən elektrik enerjisi alırdı:
“Çox böyük investisiyalar qoyuldu, bir çox müasir stansiyalar tikildi. Mövcud stansiyalar, o cümlədən Mingəçevir İstilik Elektrik Stansiyasında bəzi təmir işləri aparılmışdır. Buna baxmayaraq, baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Qəza ola bilər, qəzanın müxtəlif səbəbləri ola bilər. Hətta ən inkişaf etmiş ölkələrdə, şəhərlərdə belə qəzalar baş verir, böyük fəsadlara, insan itkisinə gətirib çıxarır. Biz bunu yaxın tarixdən bilirik. Onlarla insan belə hadisələrdə həlak olur. Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm. Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Eyni zamanda, Mingəçevirə ekspertlər qrupu ezam edilmişdir. Onlar da öz sözünü deyəcəklər. Biz qəzanın səbəblərini əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, – mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, – hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb. Bütün işlərdə biz ədalətli olmalıyıq. Kimisə cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil olmalıdır. Ancaq əlbəttə ki, bu qəza çox ciddi bir siqnaldır. Hazırda enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır. Belə göstəriş verilibdir. Bütün enerji təsərrüfatımızın təftişi məsələsi öz həllini tapır. Komissiyada bu məsələ müzakirə ediləcək, mənə təkliflər veriləcək. Biz Azərbaycanın enerji sistemini ən müasir əsaslarla idarə etməliyik. Kifayət qədər enerji generasiya gücümüz var. Yarımstansiyalar tikilib və yenə də tikiləcək. Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun”.