Koronavirus pandemiyasının böyük fəlakətlərə yol açdığı, insanların sağlamlığını təhdid etdiyi, dünya ölkələri arasında sərhədlərin müvəqqəti bağlandığı bir vaxtda. dünyanı dəyişdirən müasir texnologiyalar vasitələrində istifadə günümüzün aktuallığına çevrilib. Dünyada qlobal enerji bazarının mühüm faktorlarından biri kimi çıxış edən Azərbaycan bu prosesdə də irəlidədir. ABŞ Prezidenti Donald Trampın ölkəmizin Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyildiyi kimi, Azərbaycan bütövlükdə enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Naqif Həmzəyev qeyd edib ki, CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda Azərbaycanın beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərinə toxunulub.
Ölkəmizin müxtəlif sahələrdə əməkdaşlıq etdiyi CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də respublikamızın dünyadan artan nüfuzunun göstəricisi oldu: “COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən hər iki mühüm beynəlxalq tədbirin görüşləri dünyanın aparıcı şirkətlərindən olan CISCO-nun müasir avadanlıqlarından istifadə edilməklə videokonfrans formatında təşkil edilib. Hər zaman yeni təşəbbüslərin müəllifi kimi çıxış edən, müasir texnologiyalara açıq olan Azərbaycanın “CISCO” şirkəti ilə əməkdaşığı ölkəmizin prioritet istiqamətləri üzrə layihələrlə,müasir texnologiyaların tətbiq edilməsi ilə davam etdirilir.
Ölkəmiz postpandemiya dövründə də həm innovativ, həm də qeyri-neft sektorunun inkişafının davamlılığını həyata keçirəcək. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə reallaşan şəhərlərimizin daha ağıllı hala gəlməsi ilə gündəlik həyatımız daha da asanlaşdıracaq “Ağıllı şəhər”, təhsili, kibertəhlükəsizliyi, səhiyyəni, kənd təsərrüfatının rəqəmsallaşdırılmasını və su ehtiyatlarının idarə olunmasını əhatə edən “Smart ölkə” layihələri regiondakı mövqeyimizi daha da möhkəmləndirəcək, həmçinin ölkəmizin aparıcı dövlətlərlə münasibətinə yeni ab-hava gətirəcək.
XXI əsrdə müasir texnologiyalar olmadan müasirlikdən, yeniliklərdən danışmağa belə dəyməz. “CISCO” şirkəti ilə strateji tərəfdaşlıq ölkəmizin müasirləşməsinə təkan verəcək. Eyni zamanda dövlətimizin başçısının rəhbərliyi və siyasi iradəsi ilə həyata keçirilən islahat və layihələr sayəsində Azərbaycan postpandemiya dövründə iqtisadi fəallığını bərpa edəcək.