Dünyada QİÇS-dən vəfat edənlər hər il may ayının üçüncü bazar günü xatırlanır. Xatirə günü QİÇS-dən vəfat edənlərin yad olunması, insanları QİÇS-ə yoluxma təhlükəsi haqqında düşünmələri, onların irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, QİÇS-dən sığortalanmadığlarını dərk etmələrinə çağırır. Eyni zamanda, bu tədbir cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.
QİÇS Qurbanlarının Dünya Xatirə Günü ilk dəfə 1983-cü ildə Amerikanın San-Fransisko şəhərində qeyd edilib. Bir neçə il sonra həmin xəstəliyə qarşı hərəkatın simvolu yaranıb. 1991-ci ildə rəssam Frenk Mur bu xəstəlik səbəbindən həyatdan gedənlərin xatirəsinə geyimə sancaqlanmış qırmızı lent, yaxud müxtəlif rəngli parçalardan yığılmış xüsusi nişan vurmağı təklif edib. Bu problemə biganə olmayanlar QİÇS Qurbanlarının Dünya Xatirə Günü hazırlanmış nişanları yaxalarına taxırlar.
İİV-infeksiyası/QİÇS pandemiyası dünyada aparılan çöxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, inkişafını davam etdirməkdədir. Azərbaycan İİV infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb.
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Ceyhun Nəcəfov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, 2020-ci ilin dörd ayı ərzində 196 nəfərin İİV-ə yeni yoluxma halı qeydə alınıb. Qeydiyyata alınmış 196 yerli sakinlərdən 131-i (66,8 faizi) kişi, 65-i (33,2 faizi) qadındır. Bu dövrdə QİÇS mərhələsinə 38 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib və İİV infeksiyasından 14 nəfər vəfat edib.
Cari ilin yanvar-aprel aylarında İİV-ə yoluxması təsdiqlənmiş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 30 nəfər (15,4 faizi) parenteral, 150 nəfər (76,5 faizi) heteroseksual, 12 nəfər (6,1 faizi) homoseksual kontakt nəticəsində, 4 nəfərin (2 faiz) yoluxma yolu müəyyənləşdirilməkdədir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkarlandığı 1987-ci ildən 2020-ci ilin dörd ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6987 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 4480-ı (69,8 faiz) kişi, 2107-si (30,2 faiz) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1672 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1056 nəfər olublar.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 40,5 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 48,6 faizində heteroseksual, 3,2 faizində homoseksual kontakt nəticəsində, 1,6 faizində anadan uşağa keçməklə, 0,01 faizində (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 6,1 faizində yoluxma yolu müəyyən edilməyib.
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib. Belə ki, 2006-cı ilin noyabrın 8-dən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 6043 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 191 nəfərə müalicə 2020-ci ilin ilk dörd ayı ərzində başlanılıb.
Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzi COVID-19 pandemiyası ilə əlaqədar İİV-lə yaşayan insanların koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq məqsədilə öz işini UNAİDS-in tövsiyyələrinə uyğun olaraq həyata keçirir. İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədilə onlara ARV-dərmanların üç aylıq ehtiyatı verilir. Eyni zamanda, ehtiyac olduqda, onların koronavirusa görə testləşməyə göndərilməsi həyata keçirilir. İİV-lə yaşayan insanların koronavirusa yoluxmaya görə yüksək risk daşıması ilə əlaqədar, onların COVİD-19 barədə biliklərinin artırılması məqsədilə xüsusi broşür nəşr olunub.
Bütün dunyada olduğu kimi, Azərbaycanda da ənənəvi olaraq QİÇS-dən vəfat edən insanlarn xatirəsı anılır. Koronovirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən “Karantin rejimi”-ilə bağlı maarifləndirmə işləri, həmçinin İİV-infeksiyası ilə əlaqədar vətəndaşların sorğularının cavablandırılması üçün RQMM-nin rəsmi internet səhvəsində yeni modul yaradılıb və 24 saat onlayn fəaliyyət göstərən həkim və digər əməkdaşların mobil telefonları orada qeyd olunub.