Bir yas məclisində idik. Cavan, saqqallı və sözsüz ki, dərin savad sahibi olmayan bir molla mərhumun ruhuna dualar oxuduqdan sonra özünün savadsız dünyagörüşündə “müdrik” hesab etdiyi mövzulardan danışmağa başladı. Amma onun bu savadsız, primitiv söz axınında bir cümlə çox maraqlı gəldi. Gənc molla bir cümlə işlətdi: “Gəlin, məsələlərə azərbaycanlı kimi deyil, müsəlman kimi yanaşaq”…
GƏNCƏ TERAKTININ HÜQUQİ TƏRƏFİ
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdin səbəblərilə bağlı ilkin xəbərlər təzadlı idi. Nəhayət, rəsmi açıqlamalardan aydın oldu ki, sui-qəsdin motivi şəxsi intiqam deyildi. Sui-qəsdçi dini hisslərinin təhqir olunmasını əsas gətirirdi.
Əvvəla, biz – azərbaycanlılar, Azərbaycan türklüyü 21-ci əsrdə, müasir dövlət çərçivəsində yaşayırıq. Bu dövlətdə hər bir problem hüquqi əsasda, qanuni yollarla və məhkəmə vasitəsilə həllini tapır. Biz cəngəlliklərdə, mağaralarda yaşamırıq ki, mübahisə və şikayətləri toppuz və balta ilə həll edək. Hətta, geridə qalmış, relikt tayfalarda tayfa daxli münaqişələr ağsaqqalların və kahinlərin iştirakıilə məsləhətləşmələrlə həll edilir ki, mübahisə qan düşmənçiliyinə gedib çıxmasın.
Tariximizin antik, ilk orta əsrlər və islam mərhələlərində də öz dövrünə uyğun qanun, hüquq və məhkəmə sistemi var idi. Bunlarsız nə cəmiyyət, nə millət, nə mədəniyyət, nə də dövlət formalaşa bilməzdi. Hər birimiz öz rəqibini, təhqir edənini öldürməyə başlasa, onda elə alınacaq ki, biz relikt tayfalardan da geri qalmış bir sürüyük?!
Əgər hər hansı bir vəzifəli şəxs adi vətəndaşlara münasibətdə kobud və təhqiramiz davranış sərgiləyirsə, bunun qarşısını almaq üçün kütləvi informasiya vasitələri, daha yuxarıda duran dövlət orqanları və nəhayət, məhkəmə və hüquq-mühafizə sistemi vardır ki, onlara birbaşa şikayət etmək olar. Hətta, qarşısında Azərbaycan Respublikasının üzərinə öhdəliklər götürdüyü beynəlxalq məhkəmə qurumları vardır.
Mədəni toplumlarda Gəncədə baş vermiş hadisənin yalnız bir dəyərləndirməsi var — cinayət. Motivlərindən, səbəb və mənəvi dəyərləndirilməsindən asılı olmayaraq həyata qəsd — cinayətdir.
İkincisi, indi bəzi ağzıgöyçəklər canini az qala “şəhid” kimi təqdim etməyə çalışırlar. Amma “şəhid” anlayışı bu gün Azərbaycanda yalnız erməni işğalçısına qarşı döyüş meydanında həyatını itirmiş əsgərlərə şamil oluna bilər. Çünki əli silahlı, torpağımızı işğal etmiş erməni işğalçısına qarşı istənilən mübarizə vasitəsinə icazə verilir və işğalçıya qarşı döyüşən əsgərimizin hər bir fənni və hərəkətinin arxasında haqq durur. Əli silahsızı, öz millətindən olan birisini istənilən səbəbə görə qətlinə bəraət yoxdur və qətli törədənə “şəhid” adı düşmür, “qatil” damğası düşür.
Üçüncüsü, sui-qəsdçi öz cinayətini törətmək üçün aylarla hazırlaşıb. Beləliklə, affekt vəziyyətində qanun pozuntusunu törətmək versiyası da istisna olunur. Affekt durum bir neçə andan ən çoxu, bir saata kimi davam edə bilər. Beləliklə, bu planlı, düşünülmüş qanun pozuntusu olub.
Dördüncüsü, Gəncədə sui-qəsdi törədənin qohumlarının İnternetdə yaydığı açıqlamalardan və rəsmi bəyanatlardan aydın olur ki, sui-qəsdçi şəxsi motivlərlə deyil, ideoloji motivlərlə hərəkət edib. Cinayətin törədilməsində mənbəyindən, kökündən, çeşidindən asılı olmayaraq ideoloji motiv vardırsa, artıq bu, sıradan bir cinayət deyil, bu terrordur. Çünki ideoloji əsaslıdır, cinayət motivinin kökündə şəxsi, psixiatrik durum səbəbləri deyil, ideoloji mənsubiyyətə görə nifrət durur.
DİNİ TAPDALAYANLAR
Ümumiyyətlə, istər islam, istər digər dinlər olsun, tarixinin hər bir dövründə, hər bir xalqda dindən şəxsi və siyasi mənefələr üçün istifadə edən adamlar və qruplar mövcud olmuşdur. Xüsusilə, XX və XXI əsrdə bu cür iyrənc oyunlar geniş vüsət almaqdadır.
Balaca Azərbaycanımızda müstəqillik dövründə islam dinindən öz mənafeləri üçün istifadə edən daha kimləri görmədik: Suriyada və İraqda dinc şiə əhalisinin başına oyun açmaq üçün Azərbaycanda qurbanlıq döyüşçüləri və onların bədbaxtlığa düçar edilən arvadlarını və uşaqlarını toplayan sələfiləri, Azərbaycanda dövlət və milli mənafelər əleyhinə təxribat və terror aktları törədən “şiəçiləri”, dövlət strukturlarını gizli ələ keçirməyə çalışan nurçuları…
İslam dinindən sui-istifadə edən bu qüvvələrin ən təhlükəli tərəfi budur ki, onların ideoloji mərkəzləri Azərbaycandan kənarda yerləşir. Elə Gəncədə baş vermiş sui-qəsd də bunu göstərməkdədir.
Sui-qəsddən sonra xaricdən idarə olunan bu qüvvələr sosial şəbəkələrdə Azərbaycanın dövlət orqanlarına, dövlət quruluşuna və Azərbaycanın Dövlət Başçısına qarşı açıq-aşkar itaətsizliyə çağırışlar etməyə, terrora səsləməyə və təhqirlər yağdırmağa başladılar. Bu çağırışların köklərinin haraya, hansı ölkəyə uzandığı sir belə deyil…
Artıq bu cür qüvvələrin dini baxımdan səmimiliyinə inanmaq sadəlövhlükdür. Burada artıq fars və ya ərəb milli-dövlət mənafelərinin təminindən, fars və ərəb xüsusi xidmətlərinin oyunlarından söhbət gedə bilər. Çünki özünü “sünni”, “şiə”, “sələfi” məzhəblərinin “müctəhidi” kimi qələmə verənlər müsəlman əhalisini, öz tərəfdarlarını erməni işğalçılarına qarşı mübarizəyə deyil, Azərbaycan Dövlətçiliyinə qarşı mübarizəyə səsləyirlər.
Belə çıxır ki, bu cür sözdə “müsəlman” olanlar üçün ermənilər daha əzizdir, nəinki, qardaş qırğınına sürükləmək istədikləri azərbaycanlılar? Belə alınır ki, bu cür sözdə “müctəhid” olanlar üçün işğal edilmiş torpaqlarımızda müsəlman məscidlərini murdarlayan, müsəlman qəbirlərini yer üzündən silən ermənilər daha əzizdir, nəinki müsəlmanların əsas hissələrindənbiri olan azərbaycanlıları dünyaya mədəni millət kimi tanıtmağa çalışan dövlət siyasətimiz?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa himayəsi ilə son illər ərzində Azərbaycanda yeni məscidlər inşa edilmiş, qədim məscidlər təmir olunmuşdur. Bakı İslam Universitetinə daim diqqət ayrılmış, Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. Dövlət Başçısının birbaşa qayğısının nəticəsi kimi Qafqazda ən böyük Heydər Məscidi inşa edilmiş və müsəlman ölkələrində islamda birləşdirici bir addım kimi Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidə sünni təriqəti üzrə imam və şiə təriqəti üzrə axund təyin edilmişdir.
İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan daimə islam dünyasını birləşdən nümunəvi bir mövqe sərgiləməkdədir. Hətta, baxmayaraq ki, islamın düşməni olan ermənilərlə qardaşlıq münasibətləri quran bəzi özünə “islam ölkəsi” deyən dövlətlərdən fərqli olaraq, İsrail ilə Azərbaycanın strateji münasibətləri vardır, Qüds məsələsinə həsr edilmiş İslam Əməkdaşlıq Təşkilatının sonuncu iclasında Azərbaycan islam dünyası ilə birgə mövqe ortaya qoymuşdur.
Hər il İlham Əliyevin göstərişi ilə islam qurumlarına maliyyə və d. şəkildə yardım göstərilir. Təsadüfi deyil ki, 4-cü İslam Həmrəylik Oyunları (İslamiada) 2017-ci ildə Bakıda keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dinimizə xüsusi diqqətini göstərən faktlardan biri — də dindar insanların hisslərinə etinasız yanaşaraq, köhnə Hacı Cavad məscidini sökmüş Yasamal rayon icra hakimiyyətinin başçısını işdən azad etməsi idi. Daha sonra isə, məhz Prezidentin göstərişi ilə Hacı Cavad məscidinin yeni binası ucaldı və onun da 12 aprel 2018-ci il tarixindəki açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər.
Sözdə “islamçılar” Azərbaycan Respublikası Dövlət Başçısını təhqir etməyə cürətləri çatır, amma müsəlmanların torpağını tutmuş, müsəlman namusuna təcavüz etmiş ermənilərə qarşı onlardan nə təhqir, nə qarğış, nə cihada çağırış eşidirik?
Bir məsələyə də diqqət yetirək. Hətta Suriyaya gedib Əsəd üçün döyüşən “şiəçilər”, əks cəbhədə onlardan az cinayət törətməyən sələfilərdən fərqli olaraq bu barədə səsini çıxarmırlar. Əvvəla ona görə ki, Azərbaycanda bu cür hərəkətlərinə görə, qanun qarşısında cavab verə bilərlər. İkinci səbəb isə, daha samballıdır. Onlar, ermənilərlə birgə hərbi düşərgələrdə təlim keçir, ermənilərlə bir səngərdə İDİŞ-ə qarşı vuruşurlar. Beləliklə bu cür fanatiklər üçün MİLLƏT, DÖVLƏT, MİLLİ QEYRƏT ANLAYIŞI yoxdur. Bu savadsız, beyni zəhərli xülyalarla dolu adamlar hansısa fars, ərəb millətçisinin, hətta müsəlman qiyafəsinə girmiş erməninin əlində millətimizə və dövlətimizə qarşı zombi maşalara çevrilməkdədir.
CİDDİ NƏTİCƏLƏR ÇIXARMAQ LAZIMDIR
Azərbaycanda artıq neçənci dəfədir ki, dindən sui-istifadə edən daxili və xarci təxribat qruplarının cinayətləri ilə qarşılaşırıq. Məscid sisteminin və dini ideolgiyanın milliləşməməsi, yetişən gənc nəsildə millətçilik və vətənpərvərlik hisslərinin həm ailələrimizdə, həm məktəblərimizdə və həm də məscidlərimizdə təlqin edilməməsi Dövlətimizin və Millətimizin gələcəyini sual altına qoyur. Bu sahəyə yetərincə fikir ayrılmaması dövlətçiliyimzə və millətimizə qarşı yeni atılacaq güllələrə rəvac verir.
İş o yerə çatıb ki, Milli İslam Dünyabaxışının yaradılması kimi mühüm bir vəzifə kənarda qalıb, savadsızlara, psixi problemləri olanlara hesablanmış xurafat təbliğ edilir. Bir tərəfdən bu xurafat Dövlətçilik ideyamıza qarşı gəncliyi yetişdirməkdədirsə, o biri tərəfdən müasir dünyagörüşlü gəncliyimizi islamdan uzaqlaşdırır. Bunun nəticəsidir ki, bu xurafatçllar ucbatından islamdan uzaqlaşmış gənclərimiz arasında gizli xristian missionerliyi ayaq tutub yeriyir. Dəhşət də ondadır ki, bu xristian missionerliyinin mərkəzləri də xarici dövlətlərdədir!
Əgər erməni və gürcü kilsəsində keşişlər öz millətlərinin bu günü və gələcəyi barədə mühüm məsələlər barədə mövzulara toxunurlarsa, bizim dini mərkəzlərdə moizələr ən yaxşı halda, milli maraqlardan uzaq orta əsr problemlərinə həsr olunub.
Bizim din işləri ilə məşğul olan məmurlarımızın, hüquq-mühafizə və xüsusi xidmət orqanlarımızın cümə namazlarında molla və axundların nədən danışdığından xəbəri varmı? Dini evlərdə və yığıncaqlarda moizələrdən, gedən söhbətlərdən məlumatlıdırlarmı? Görünür məlumatlı deyillər! Məlumatlı olmadıqlarına görə, hansısa bir savadsızın, başıboş qaraguruhçunun birisi xalqa müraciətində öz ağılının deyil, xarici kəşfiyyatın ideoloji şöbəsinin məhsulu olan bu ifadəni işlətməkdədir: “Gəlin məsələlərə azərbaycanlı kimi deyil, müsəlman kimi yanaşaq”…
Biz isə, millətçi olaraq daim MİLLƏTİMİZİN, DÖVLƏTİMİZİN və DÖVLƏT BAŞÇIMIZIN yanındayıq! Ya şəxsi mənafelərindən, ya xarici kəşfiyyatın sifarişinə uyğun, ya da anti-Azərbaycan mövqeyindən çıxış edərək müqəddəs dinimizdən sui-istifadə edən bütün bu qaraguruh qüvvələri daim bizi — millətçiləri öz qarşılarında görəcəklər!
Qarxunlu
“Millətçilik” qəzeti