Respublikada görmə əlilliyi olan insanlar üçün nəşriyyat, kitabxana və onların mövcud problemləri

Bu gün informasiya cəmiyyətində əhalinin əksəriyyətinin fəaliyyəti informasiyadan istifadə imkanının olmasına əsaslanır. İnformasiyadan sərbəst istifadə zənginliyə aparan yol kimi qiymətləndirilir. Lakin buna baxmayaraq ölkəmizdə mövcud problemlər üzə çıxarılmalı, onların həlli yolları araşdırılmalıdır. Mən bu tədqiqatımda görmə üzrə əlilliyi olan insanlar üçün çap məhsullarının nəşrini həyata keçirən nəşriyyatlar və məhz onlar üçün nəzərdə tutulmuş kitabxanaları araşdırmağa çalışmışam.

Ölkəmizdə görmə üzrə əlilliyi olan insanların kitaba, dərsliklərə, dərs vəsaitlərinə olan tələbatı bu gün aktual mövzulardan biridir.

Araşdırmalar nəticəsində məlum olur ki, ölkəmizdə bu gün yeganə nəşriyyat “Brayl Nəşrləri” – İnformasiya Resurs Mərkəzi tərəfindən görmə üzrə əlilliyi olan insanlar üçün kitablar çap edilir. (Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə əlil insanlar üçün kitabların nəşrini sovetlər dönəmində ilk dəfə həyata keçirən nəşriyyat “Azərnəşr” olmuşdur).

“Brayl Nəşrləri” – İnformasiya Resurs Mərkəzi nəşriyyatı 1995-ci ildə yaradılmışdır. Poliqrafiya avadanlıqlarının əldə olunması və alınmasında Əmək Nazirliyi, İngiltərə səfirliyi və Küveyt dövlətinin dəstəyi olmuşdur. Təbii ki, texniki çatışmazlıqlar görmə üzrə əlilliyi olan insanlar üçün dərsliklərin, dərs vəsaitlərinin nəşrinə mənfi təsir göstərir. Bu cür nəşrlərin çox maliyyə tələb etməsi çap işlərinin ləngiməsinə səbəb olan başlıca amillərdən biridir. Təbii ki, bu işə Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi dəstək olmalıdır.

Nəşriyyatda orta məktəblərdə birinci siniflər üçün riyaziyyat üzrə Bəybala İbadullayev, Azərbaycan dili üzrə isə Famil Hacıyev dərsliklərin, dərs vəsaitlərinin redaktəsini həyata keçirirlər. Qeyd edək Famil Hacıyev və Bəybala İbadullayev özləri də görmə üzrə əlilliyi olan insanlardır. Bundan başqa digər redaktorlar nəşriyyatda fəaliyyət göstərirlər ki, onlar özləri də görmə üzrə əlil şəxslərdir. Çünki bu kitabların redaktəsini görmə üzrə əlilliyi olan insanlar həyata keçirə bilərlər. Həmçinin qeyd edək ki, ümumiyyətlə, nəşriyyatda fəaliyyət göstərən işçilərin 90 %-i görmə üzrə əlildir.

Orta məktəb sistemində olan problemlərdən ən başlıcası dərsliklərin 8-ci sinifə qədər olmasıdır. Qeyd edək ki, görmə üzrə əlil olan şagirdlər üçün nəzərdə tutulmuş məktəblər 12-ci sinfə qədərdir. Onlar 12 illik təhsil alırlar. Maliyyə çətinlikləri dərsliklərin və dərs vəsaitlərinin təminatına maneə olan ən başlıca problemlərdən biridir.

Respublikamızda Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova ilə bəzi məsələlərə aydınlıq gətirəndən sonra məlum oldu ki, bu gün gözdən əlil olan şagirdlər məktəbi bitirəndən sonra ali məktəbə hazırlıq üçün çox çətinliklərlə üzləşirlər. Onlar üçün xüsusi hazırlıq kursları yoxdur, xüsusi test proqramları yoxdur. Bu il şagirdlər üçün ibtidai siniflər üzrə 3 dərsliyin nəşri nəzərdə tutulduğunu da Reyhan xanım qeyd etdi. Lakin buna baxmayaraq, dərsliklərin, dərs vəsaitlərinin, sinifdən xaric oxu materiallarının nəşrinə xüsusi ehtiyac duyulmaqdadır. Təbii ki, gözdən əlil insanlar üçün görülən işlər maddi və texniki dəstəyə əsaslanır.

Oxu proqramlarının əldə olunması üçün android telefonlar, planşetlər, xüsusi kitab oxuyucu cihazlar tələb olunur. Bunların da dəyəri çox baha olduğu üçün məhdud imkanlı ailələrin bu qurğuları, cihazları əldə etməsi çətin olur.

Respublikamızda Gözdən Əlillər Cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət Heyətinin 23 may 1980-ci il tarixli, 11 nömrəli qərarına əsasən Respublika Mərkəzi Kitabxanasının yaradılmasına sərəncam verilmiş və kitabxana 01 iyun 1981-ci ildə fəaliyyətə başlamışdır. Lakin sonralar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin büdcəsində maliyyə çətinliyi yarandığı üçün kitabxanada çalışan işçilərə əmək haqqı verilməsi və yeni “danışan kitablar”ın alınması mümkün olmadığı üçün AzƏC Respublika Mərkəzi kitabxanası 01 yanvar 1994-cü il tarixindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilir. Bu kitabxananın digər kitabxanalardan fərqli cəhəti bütün oxuculara fərdi yanaşma tərzi ilə fəaliyyət göstərməsidir. Burada oxucuların görmə səviyyəsi, obyektə adaptasiya dərəcəsi, digər xüsusi amillər nəzərə alınır.

Tənha yaşayan, sərbəst hərəkət edə bilməyən oxuculara evdə səyyar kitabxana kimi xidmət göstərmək də bu kitabxanaların başlıca vəzifəsi olmalıdır. Bunun  üçün çox təşəbbüs göstərilmiş, lakin həyata keçirilməsi mümkünsüz olmuşdur.

Gözdən əlil doğulmuş və ya sonradan qazanılan əlilliyi olduğu halda onlara kiril və latın qrafikalı Brayl əlifbası öyrədilir. “JaWs” ekran oxuma proqramı ilə təchiz olunmuş kompüterlərdən istifadə vərdişləri aşılanır. Çox təəssüf olsun ki, bu “JaWs” ekran oxuma proqramının operatoru türkcə olduğu üçün mətnlərin oxunmasına əngəllər törədir. Azərbaycan dilində bu proqramın dilimizə uyğun işlənməsi ən başlıca məsələlərdən biri kimi qarşıya qoyulmalıdır.

Kitabxana fondunun xüsusi nəşrlərlə komplektləşdirilməsi işində zəif inkişaf özünü göstərir. Fond iyirmi iki min nüsxədən ibarətdir. Kitabxanaya Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə nəşr olunmuş 4 min 976 kitab hədiyyə edilmişdir. Kitabxana 6 şöbə üzrə fəaliyyət göstərir:  1) Abonoment şöbəsi; 2) Oxu zalı; 3) Səsyazma studiyası; 4) Fonetika; 5) Brayl kitabları şöbəsi; 6) Ənənəvi kitablar şöbəsi.

İstifadə olunub istismar müddətini bitirmiş disklər kitabxananın səsyazma studiyasında orijinal nüsxədən yeni nüsxələrə köçürülərək yenidən istifadə üçün fonda daxil edilir. Respublika Görmə üzrə əlillər kitabxanasının müasir avadanlıqlarla təchiz edilməsinə də böyük ehtiyac var. Bunun sayəsində “danışan kitablar”ın artırılmış nüsxələri regionlarda fəaliyyət göstərən mərkəzi kitabxana sistemlərinə və ya Görmə üzrə Əlillər Cəmiyyətinin yerli şöbələrinə təmannasız verilməsi üçün dəstək lazım olduğunu da qeyd etmək lazımdır.

Kitabxana öz işini Respublika Görmə üzrə Əlillər Cəmiyyəti ilə sıx əlaqədə qurur. Mütəmadi keçirilən tədbirlərdə əlil oxucularla sorğu keçirilir, sifariş veriləcək ədəbiyyatın seçimində hər bir oxucunun istəyi nəzərə alınır. Kitabxananın bu cür müsbət keyfiyyətləri olduğu halda, kitabxana fondunda olan kitabların elektron formada, kitabxanaya getmədən əldə olunması üçün sayt yoxdur. Onlayn kitabxananın yaradılıb istifadəyə verilməsi üçün maddi imkanlar məhduddur.

Kitabxana 1981-ci il 1 iyun tarixindən bu günə kimi Bakı şəhəri, 2-ci Sülh döngəsi, ev 2 ünvanında 4 mərtəbəli binanın zirzəmisində (262 kv.m. sahədə) yerləşir. Kitabxananın zirzəmidə yerləşməsi də ürək açan hal deyildir. Kitabxananın maddi imkanları məhdud, şəraiti zəif, əlverişsiz durumdadır.

https://az.wikipedia.org/wiki/Respublika_G%C3%B6zd%C9%99n_
%C6%8Flill%C9%99r_Kitabxanas%C4%B1
  internet səhifəsində kitabxananın min iki yüz oxucusu olduğu və son 5 il ərzində kitabxananın 25 oxucusu ali və orta ixtisas məktəblərinə qəbul olunması haqqında məlumat verilir. Burda qeyd olunmur ki, son 5 il deyəndə hansı illər nəzərdə tutulur. Təbii ki, bu qeyd olunan 25 rəqəminin azlığı da bizdə çox təəssüf hissi doğurur.

Son illərdə BDU-nun Kitabxanaçılıq-informasiya və Kitabşünaslıq sahələri üzrə də gözdən əlil tələbələrin təhsil aldığını qeyd edə bilərəm. Təbii ki, onlar üçün dərsliklər, dərs vəsaitləri yoxdur. Məhz belə şəraitdə gözdən əlil tələbələr çox böyük çətinliklərlə üzləşirdilər.

Gözdən əlil olan tələbələrlə apardığım sorğular nəticəsində məlum olur ki, onlar ən çox Türkiyənin “Boğaziçi” universitetinin labarotoriyasına daxil olur, ordan elektron kitabları öz telefonlarına və kompüterlərinə yükləyirlər. Hətta Türkiyədə bu cür insanlar üçün mobil operatorların xüsusi proqramları vasitəsilə gündəlik qəzetlərin mətnləri oxunur, çap əsərləri və s. nəşrlərlə tanış edilir.

Mənim üçün təəssüf doğuran odur ki, görmə üzrə əlil olan gənclərimiz türk operatorlarının dili ilə PDF olunmuş mətnləri dinləyirlər. Artıq onların ləhcəsində, diksiyasında türk dili formalaşmış, Azərbaycan dilində olan sözləri tapmaqda çətinlik çəkirlər. Çünki mətnlərin əksəriyyətini türk dilində əldə edə bilirlər.

Onlar üçün elektron kitabxanaların yaradılması, asan proqramlar vasitəsilə nəşrlərin əldə olunması üçün xüsusi proqramlar işlənib hazırlanmalıdır.

Bu gün ən vacib diqqəti cəlb edən problemlərdən biri gözdən əlil insanların işlə təmin olunması ilə bağlıdır. 2019-cu il 18 fevral  57 №li “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklər”in siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin (http://www.e-qanun.az/framework/41513) qərarının 33-cü və 34-cü bəndlərində:  33. “(H54.0) Binokulyar korluq (xüsusi təhsil müəssisəsi istisna olmaqla)” və 34. (H54.1) “Binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri istisna olmaqla)” bu cür qeyd olunur. Burda verilən məlumata əsasən bu şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Bu qərar Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin VI hissəsinə görə Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiayada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. 35-ci maddənin 2-ci hissəsinə görə, “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır”.

Gözdən əlil insanlarla söhbət apararkən, məlum olur ki, bu illər ərzində onlar pedaqoji fəaliyyətlə məşğul olublar, onlarda pedaqoji fəaliyyətlə məşğul olmaq heç bir problem və çətinlik yaratmayıb. Hətta dünya təcrübəsində öz təsdiqini tapan məsələ gözdən əlil insanların pedaqoji fəaliyyətlə məşğul olmasıdır. Pedaqoji təhsil alan gözdən əlil insanlar son mərhələdə iş tapmaq üçün ciddi çətinliklərlə üzləşirlər. Bunun üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərara düzəlişlər edilməlidir. Çünki, Nazirlər Kabinetinin bu qərarı qəbul etməsilə gözdən əlil insanların kanstutsion hüquqları pozulub. Gözdən əlil olan insanları cəmiyyətdən ayırmaq, təcrid etmək məqsədəuyğun deyildir. Ümimiyyətlə, gözdən əlil insanların cəmiyyətə inteqrasiya olunması və sosiallaşması öhdəliyi birbaşa dövlətin üzərindədir.

Əlil insanların diskriminasiyaya uğramaması üçün univeristetlərdə də çox işlər görülməlidir. Bunun üçün müəyyən təklif və tövsiyyələr irəli sürə bilərik:

  • Gözdən əlil insanlar üçün orta məktəblərin sayının çoxaldılması;
  • Gözdən əlil tələbələr üçün universitetlərdə xüsusi şöbələrin yaradılması;
  • Gözdən əlil insanlar üçün nəzərdə tutulmuş orta məktəblər və ali təhsil müəssisələrində dərsliklərin, dərs vəsaitlərinin nəşrinə maliyyə dəstəyinin həyata keçirilməsi;
  • Görmə üzrə əlilliyi olan tələbələr üçün elektron laborotoriyaların təşkili;
  • Görmə üzrə əlilliyi olan tələbələr üçün elektron kitabxananın yaradılması;
  • Görmə üzrə əlilliyi olan və yaxşı oxuyan tələbələrin təhsil aldıqları universitetdə öz kitab labarotoriyalarının təşkilinə cəlb etmək; işlə təmin etmək;
  • Görmə üzrə əlilliyi olan tələbələr üçün universitetdə məsələn, “BDU TV” kanalı üzərində “Səsli kitab”, “Danışan kitab”, “Canlı kitab” və s. adlarda (kitabların oxunması və müzakirəsi) layihələrin sayının çoxaldılması, yeni-yeni layihələrin həyata keçirilməsi;
  • Hətta, mən deyərdim ki, universitetdə bu cür görmə üzrə əlil olan tələbələr üçün liftlərin və mövcud pilləkənlərdə əlil arabalarının hərəkətini nəzərdə tutan pandusların yaradılması və s.
Əvvəlkiİspaniya iyunun 21-dək yüksək hazırlıq rejimində olacaq
NövbətiAzərbaycan HHQ-nin aviasiyası döyüş atışlı taktiki-uçuş təlimləri keçirib