Füzuli rayonunda torpaq mülkiyyətçiləri və fermerlərin becərdikləri kənd təsərrüfatı bitkilərindən biri də şəkər çuğundurudur. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı, həm də heyvandarlıqda yem kimi istifadə olunur.
Füzuli Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayon üzrə 270 hektar sahədə şəkər çuğunduru səpini həyata keçirilib. Hazırda şəkər çuğunduru əkilmiş sahələrdə becərmə işləri aparılır. Sahələr alaqdan təmizlənir, suvarılır, mineral gübrələr verilir, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri görülür.
Fermerlər şəkər çuğundurunun yığımına sentyabr ayında başlayacaqlar. Əldə edilən məhsul İmişli şəkər zavoduna təhvil veriləcək.