İyunun 7-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 xüsusi texnikası və 2000 əməkdaşının köməyi ilə artıq beşinci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriblər.
AZƏRTAC xəbər verir ki, Avropanın heç bir ölkəsində bənzəri olmayan bu genişmiqyaslı tibbi dezinfeksiya işləri zamanı şəhərin mərkəzi və paytaxtın kənar rayonlarının 450-dən çox küçəsi xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.
Bu işlərdə paytaxt küçələrində sərt karantin rejiminə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin iyirmi ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələri də iştirak edib.
Görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.