15 İyun – Milli Qurtuluş Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Daşkənddəki “Kitob dunyosi” qəzetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı: mədəni-ədəbi əlaqələr münasibətlərimizin fövqündə” adlı onlayn beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, hər iki ölkənin mədəniyyət və ədəbiyyat sahəsi üzrə dövlət qurumlarının rəhbərləri, alimlər, ziyalılar iştirak ediblər.
Konfransı açan Qənirə Paşayeva Azərbaycan və Özbəkistan arasında tarixi dostluq əlaqələrindən, inkişaf edən münasibətlərdən danışıb, Prezident İlham Əliyevin qardaş ölkəyə xüsusi diqqət yetirdiyini, münasibətlərin bütün sahələrdə genişləndiyini bildirib. O, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmasını böyük hadisə adlandırıb, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası çərçivəsində COVID-19 pandemiyası ilə bağlı videokonfransın keçirildiyini və üzv ölkələrin bir-biri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Q.Paşayeva çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında məlumat verib, Ermənistanın təcavüzü nəticəsində ölkəmizə, habelə onun mədəni irsinə böyük zərər vurulduğunu bildirib. O, ölkələrimiz arasında turizm sahəsində də əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Deputat dostluğumuzun əbədi olduğunu söyləyərək, mədəni-ədəbi əlaqələrin möhkəmləndirilməsi və inkişafı istiqamətindəki fəaliyyət haqqında danışıb.
Ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi, AMM-in direktoru Samir Abbasov Azərbaycan dövlətinin Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini söyləyib. O, xarici ölkələrdə ilk Mədəniyyət Mərkəzinin məhz Özbəkistanda fəaliyyətə başlamasının bunun bariz nümunəsi olduğunu deyib. S.Abbasov Türk Şurasının Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında Bakı şəhərində keçirilən görüşün gələcəkdə iki ölkənin əməkdaşlığında yeni imkanlar açacağını qeyd edib. Direktor Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın tarixi şəhərlərində Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi günlərinin, habelə çoxsaylı konfransların, dostluq konsertlərinin, təqdimatların, sərgilərin keçirildiyini, qarşılıqlı memorandumların, qardaşlaşmış şəhərlər haqqında müqavilələrin imzalandığını söyləyib. Diplomat Özbəkistan mətbuatında hər il Azərbaycana dair çoxlu məqalənin, televiziya verilişinin yayımlandığını, Azərbaycan klassiklərinin əsərlərinin özbək dilinə çevrilərək nəşr olunduğunu qeyd edib. O, Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanda 70 adda kitabın, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair nəşrlərin çap olunduğunu, hər il özbək mətbuatının aparıcı nümayəndələrinin Azərbaycana mediaturunun təşkil edildiyini bildirib. Samir Abbasov gələcək layihələr haqqında danışaraq mədəniyyət, ədəbiyyat, turizm, habelə elm, təhsil sahələrində Mədəniyyət Mərkəzi tərəfindən çoxsaylı layihələrin həyata keçiriləcəyini bildirib.
Digər çıxış edənlər – “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov, Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini, şair Gayrat Majid iki ölkə arasında mədəni – ədəbi əlaqələr sahəsində xeyli iş görüldüyünü, Mədəniyyət Mərkəzi ilə çoxsaylı birgə layihələrin həyata keçirildiyini qeyd ediblər.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Özbəkistanın Termez Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, “Termez Universiteti” qəzetinin baş redaktoru Obidjon Shofiyev Özbəkistanda Azərbaycana dair zəngin əlyazmaların saxlanıldığını deyib, onların kataloqunun yaradılmasının, gələcəkdə tədqiq edilməsinin vacibliyini bildiriblər. K. Məmmədzadə Mədəniyyət Mərkəzinə müraciət edərək ədəbiyyat və mədəniyyətin müxtəlif sahələri, aktual problemləri üzrə hər ay belə konfransların keçirilməsini təklif edib.
“Kitab dunyosi” qəzetinin baş redaktoru, şairə, tərcüməçi Xasiyyət Rüstəmova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru, Azərbaycan-Özbəkistan-Türkmənistan şöbəsinin müdiri Almaz Ülvi Binnətova, özbək tarixçisi Şuxrat Salamov, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti, universitetdəki Məhəmməd Füzuli adına Azərbaycan Mərkəzinin rəhbəri Gülbahar Aşurova tərcümə layihələri, gələcəkdə Özbəkistan ali məktəblərində Azərbaycan dili kafedrasının yaradılması məsələləri haqqında fikirlərini bölüşüblər. Xasiyyət Rüstəmova tərcümə işi sahəsinin təkmilləşdirilməsi, gələcəkdə bu istiqamətdə Özbəkistanın ali məktəblərində müvafiq kafedranın yaradılması təklifi ilə çıxış edib.
Konfrans iştirakçıları ölkələrimiz arasında mədəniyyət, humanitar sahədə həyata keçirilən və davam edən tədbirlər, əldə olunan uğurlar barədə danışaraq, mövcud vəziyyət, qarşıda duran əsas vəzifələr, problemlər və perspektivlərə dair geniş fikir mübadiləsi aparıb, gələcək planları da müzakirə ediblər.