AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan milletcilik.az-a verilən xəbərə görə, İnstitutun Elmi arxivinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərliyi altında Xınalıq arxeoloji ekspedisiyası Quba rayonunun inzibati ərazisinə daxil olan Xınalıq kəndinin cənub-şərqində e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropolu aşkar etmişdir.
Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d. İdris Əliyevin bildirdiyinə görə, hələ ötən il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda aparılmış müzakirələrdə Azərbaycanın arxeoloji xəritəsində hələ də tədqiqata ehtiyacı olan regionlar sırasında Xınalıq kəndinin yerləşdiyi Böyük Qafqaz dağları silsiləsinin Baş Qafqaz və Yan silsilələri arasındakı çökəkliyin daxil olduğu zona da xüsusi qeyd edilmişdi. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndi, həmçinin, “Xınalıq” tarixi-memarlıq və etnoqrafik qoruğu ərazisində yerüstü, o cümlədən, memarlıq abidələri qeydə alınmışdı. Amma ərazi arxeoloji cəhətdən faktiki tədqiq olunmayıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın bilavasitə təşəbbüsü ilə 2017-ci ildə Xınalıq ərazisində ilkin arxeoloji kəşfiyyat işləri aparıldı, yerüstü materiallar toplandı, kəşfiyyat xarakterli şurflar qoyuldu və tədqiqatlar üçün münasib sahələr qeyd edildi.
İdris Əliyevin məlumatına görə, onun rəhbərlik etdiyi Xınalıq arxeoloji ekspedisiyası tərəfindən bu ilin tədqiqat mövsümündə Xınalıq kəndinin cənub-şərqindəki ərazidə e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid edilən nekropol aşkar edildi. Coğrafi şəraitdən və relyefdən qaynaqlanan obyektiv çətinliklərə baxmayaraq ekspedisiya əhəmiyyətli nəticələrə imza atdı.
İlkin aşkar edilmiş və tədqiq olunmuş 12 qəbir əsasən şərq-qərb istiqamətlidir, daş plitə parçaları ilə divarları üzlənmiş və üzəriləri daş plitələrlə örtülmüşdü. Aşkar edilmiş skeletlər əsasən sağ, həmçinin sol böyürü, həm də beli üzərində uzadılmış vəziyyətdədirlər. Onların kəllələri şimal-qərbə istiqamətlənmişdir. Skeletlər və onlardan nümunələr antropoloji və d. çeşidli analizlər üçün götürülmüşdür.
Tədqiq edilmiş qəbirlərdə zəngin dəfn inventarı aşkar edilib. Dəfn inventarı içərisində tunc və dəmirdən hazırlanmış silahlar (nizə, ox ucluqları və d., o cümlədən, iskitlərə xas ox ucluğu), tuncdan bəzək əşyaları (qolbaqlar, asmalar, tac formasında dəmir lövhələr — alınlıqlar, saç sancaqları və d.), çoxsaylı əqiq, pasta mənşəli muncuqlar və d. maddi mədəniyyət nümunələri qeyd edilmişdir. Maddi mədəniyyət nümunələri ərazinin müasir Azərbaycanın Şimali-Qərb və Şimali-Şərq regionları,, həmçinin, müasir Dağıstan (Rusiya Federasiyası) ilə öz dövründə intensiv mədəni əlaqələrə malik olmasını bariz nümayiş etdirməkdədir.
“Nekropolda hələki tədqiq edilmiş 12 qədim qəbirin tarixini təqribən e.ə. I minilliyin ortalarına və ikinci yarısına, ehtimalımıza görə, e.ə. V-III əsrlərə aid etmək olar. Bu ehtimalı qəbirlərin quruluşu, dəfn inventarındakı materiallar əsasında irəli sürə bilərik. Amma gələcəkdə ərazidə daha geniş arxeoloji və arxeometrik araşdırmalar nekropolun sərhədlərini və zaman çərçivəsini dəqiqləşdirəcəkdir. Digər tərəfdən, nekropolun mövcudluğu yaxınlıqda həmdövr qədim məskənlərin də olmasına işarə edir” – deyə Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d. İdris Əliyev qeyd etdi.
İdris Əliyevin bildirdiyinə görə, Xınalıq nekropolunun aşkar edilməsini, Azərbaycan arxeoloji xəritəsində daha bir “boşluğun” aradan qaldırılması kimi dəyərləndirmək olar. İndiyə qədər özünüməxsus coğrafi mövqeyinə və relyefinə görə bu zonanın qədim dövrdə izolə edilmiş ərazi olması barədə fikirlər mövcud idi. Kəşfin və tədqiqatların böyük elmi əhəmiyyəti ondan ibarətdir ki, əldə edilmiş materiallara görə, son-tunc — ilk dəmir dövrünün sonu ilə antik dövrün ərəfəsi arasındakı zaman kəsiyində ərazidə və bütövlükdə regionda ciddi məskunlaşmanı, qarşılıqlı mədəni münasibətləri ehtiva edən intensiv proseslərin getdiyi barədə tam yeni bir fikiri irəli sürmək mümkündür.