İslam Əməkdaşlıq Təşkilatının (İƏT) subsidiya orqanı olan İslam Həmrəyli Fondu (ISF) COVID-lə mübarizə üçün təşkilata üzv olan 21 ölkəyə qrant ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Osayminin sədrlik etdiyi iclasda qəbul edilib.
İclasda çıxış edən Baş katib COVID-19 pandemiyası dövründə ISF-in büdcəsinə maliyyə yardımlarına görə başda Səudiyyə Ərəbistanı olmaqla bütün İslam ölkələrinə təşəkkürünü bildirib. O əlavə edib ki, bu fond müsəlman ölkələrində pandemiyanın ağır nəticələrinin aradan qaldırılımasında, xüsusən yoxsul xalqların aclıq və səfalətdən qurtulmasında mühüm rol oynayır.
Əl-Osaymin vurğulayıb ki, ayrılacaq maliyyə vəsaiti tibbi ləvazimatların alınmasına, xəstəxanaların diaqnostika aparatları ilə təchiz edilməsinə, əhaliyə qoruyucu maska və dezinfeksiyaedici vasitələrin paylanmasına sərf olunacaq. Bundan başqa, İƏT-in Baş Katibliyi ISF ilə birlikdə ölkələrin sosial və iqtisadi vəziyyətinin yaxşılaşmasına da kömək edəcək. Bütün bu vəzifələrin yerinə yetirilməsində İslam dünyası maliyyə institutları da iştirak edəcək. İslam İnkişaf Bankı Qrupu (IsDB) artıq bu məqsədlə Strateji Hazırlıq və Reaksiya Mərkəzinin yaradılmasına 3,2 milyard dollar vəsait ayırıb.