İspaniyalı rəssamlar Roberto Torreta, Ana Lokinq, İon Fiz və Modesto Lombanın dizaynları ilə hazırlanmış “Béjar” maskaları virus və mikrobları yüksək dərəcədə filtrasiya etmək qabiliyyətinə malikdir.
AZƏRTAC xəbər verir ki, maskaları “Mango”, “Adidas” və “El Corte Inglés” mağazalarında əldə etmək mümkündür.
Koronavirus pandemiyasınadək İspaniyada maska istehsalı inkişaf etməmişdi. Ona görə də bu məhsulun çatışmazlığı əhali üçün problemə çevrilib. Lakin əksər hallarda olduğu kimi, böhran yeni imkanlar yaradıb: yeni milli şirkətlər ən qısa müddətdə vəziyyətin öhdəsindən gəlməyə çalışırlar.
Həmin şirkətlərdən biri – “Fibras Textiles Sánchez S.L.” 25 ildən artıqdır ki, istirahət üçün zəruri məhsulların istehsalı ilə məşğul olur. Bu il fevralın əvvəlindən yüksək qoruyuculuq dərəcəsinə malik maskalar istehsalına başlayıb. Şirkətin menecerləri Asiyada COVID-19 ilə bağlı vəziyyəti gördükdən sonra xəstəliyin İspaniyada da yayılacağını ehtimal etdilər. Onlar “Béjar” maskalarının istehsalını qaydaya saldılar. Bu gün müəssisə ölkədə hər ay 30 milyon ədəd məhsulun buraxıldığı tibbi maska fabrikinə çevrilib.
Bundan başqa, şirkət İspaniya muzeyləri, fondları və qalereyaları ilə birgə işləyir və üzərində məşhur incəsənət əsərlərinin, yaxud Sevilyanın simvolu sayılan Hiralda və ya Seqoviya kimi xarakterik yerlərin təsvirləri olan maskalar buraxa bilir.