COVID-19 infeksiyasından ən çox zərər çəkən ikinci ölkə – Braziliyada son sutka ərzində 44 min 884 nəfər koronavirusa yoluxub, 1057 nəfər isə ölüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, Bakı vaxtı ilə bu gün saat 13:00-a olan məlumata əsasən, Braziliyada koronavirusa yoluxanların sayı 1 milyon 453 min 369 nəfərə, ölü sayı isə 60 min 713 nəfərə çatıb.
Ölkənin ticarət mərkəzi olan 46 milyonluq San-Paulu əyaləti 289 min 935 yoluxma və 15 min 30 ölüm halı ilə Braziliyanın koronavirusdan nə çox zərər görən bölgəsidir. Onun ardınca 115 min 278 nəfərin yoluxduğu və 10 min 198 nəfərin öldüyü Rio-de-Janeyro əyaləti gəlir.
Təxminən 211 milyon nəfər əhalisi olan Braziliya Latın Amerikasında COVID-19 xəstəliyinin episentri sayılır. Ölkə koronavirus infeksiyasına yoluxma və ölüm sayına görə ABŞ-dan sonra dünyada ikinci yerdədir.
Braziliya Coğrafiya və Statistika İnstitutu may ayında ölkədə yaşayan 4,2 milyon insanda dadbilmə və iybilmə hissinin itirilməsi, həmçinin öskürək və yüksək hərarət kimi COVID-19 simptomlarının müşahidə edildiyi barədə məlumat yaymışdı.