Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilərək artırılır, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 8 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssislər tərəfindən mayalanma aparılan 4 min 228 baş inək və düyədən 1433 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 396 baş çoxdur.
Süni mayalama yolu ilə alınan buzovlara görə maldarlara 143 min 300 manat subsidiya ödənilib.
Rayonun Yuxarı Qaramanlı kəndində fəaliyyət göstərən fermer İlkin Əsgərovun dediyinə görə, süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərdən 3-4 dəfə çox olur.