16 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində yenidən mövqelərimizə hücum cəhdi olub, Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərində mülki yaşayış infrastrukturları iriçaplı silahlar və artilleriya qurğularından istifadə etməklə atəşə tutulub. Davam edən döyüşlər zamanı Azərbaycan Ordusunun bir hərbi qulluqçusu həlak olub.
XİN-dən “Report”a verilən məlumata görə, qanlı təxribatçı fəaliyyətini davam etdirən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, təcavüzkar siyasətinin nəticələrini möhkəmləndirmək və gücdən istifadə etməklə yeni təcavüz aktları həyata keçirmək niyyətini açıq şəkildə nümayiş etdirir.
Bir daha bəyan edirik ki, bölgədəki gərginliyin yeganə səbəbkarı Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunu hərbi işğal altında saxlayan, yüz minlərlə azərbaycanlının fundamental hüquq və azadlıqlarını pozan, münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa əngəl törədən Ermənistandır.
Öz iflasa uğrayan daxili siyasətini ört-basdır etmək üçün, təcavüzkar xarici siyasəti möhkəmləndirmək və Azərbaycan ərazilərinin işğalına görə daşıdığı məsuliyyətdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq cəhdi edən Ermənistan rəhbərliyi dərk etməlidir ki, Azərbaycan beynəlxalq tanınmış ərazilərinin işğalı faktı ilə heç zaman barışmayacaq və .
Azərbaycan münaqişənin siyasi yolla həllinin tərəfdarı olduğunu hər zaman bəyan edib, lakin bu danışıqların sonsuz olaraq davam etməsi anlamına gəlməməlidir. Azərbaycan nəticəyə yönəlik danışıqları dəstəkləyir və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən də məhz bu istiqamətdə vasitəçilik səylərini gözləyir.
Cəbhədə yaranmış gərginlik və onun doğura biləcəyi bütün nəticələrin məsuliyyəti tam olaraq Ermənistan rəhbərliyinin üzərindədir.