İtaliyanın tanınmış “Nodo di Gordio” beyin mərkəzi ilə “Vox Populi” tədqiqat mərkəzinin ənənəvi olaraq təşkil etdiyi XVII Dünya İqtisadiyyatı və Geosiyasətinə Baxış konfransının “Aralıq dənizində yeni tarazlıqlarda qaliblər və məğlublar” adlı builki buraxılışı çərçivəsində “Avrasiya: enerji və mədəniyyətlər” adlı paneldə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin videomüraciəti təqdim olunub.
AZƏRTAC xəbər verir ki, hər ilin iyul ayında 3 gün ərzində İtaliyanın Trentino Alto Adice regionunda keçirilən bu konfransda İtaliyanın və digər ölkələrin beynəlxalq iqtisadiyyat və geosiyasət sahəsində tanınmış mütəxəssisləri, siyasi-ictimai fikrə təsir edən xadimləri, parlamentarlar, diplomatlar, jurnalistlər, iri şirkətlərin rəhbər şəxsləri iştirak edirlər. Bu il pandemiyadan irəli gələn mövcud məhdudiyyətlər səbəbindən natiqlərin bir qismi tədbirdə videomüraciət formasında çıxış ediblər.
Azərbaycan diplomatı cari il ərzində Azərbaycan-İtaliya münasibətlərində ən yadda qalan məqamlar, COVID-19-a qarşı mübarizədə ölkəmizin beynəlxalq təşəbbüsləri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, törətdiyi son hərbi təxribatlar və bu təxribatların Avropanın enerji təhlükəsizliyinə təhdid olması barədə danışıb. Cari ilin fevral ayında Prezident İlham Əliyevin İtaliyaya tarixi dövlət səfərinin Azərbaycan-İtaliya strateji tərəfdaşlığında yeni səhifə açdığını, səfər zamanı keçirilmiş görüşlərin, təşkil olunmuş tədbirlərin, imzalanmış çoxsaylı sənədlərin, xüsusilə də Azərbaycan Respublikası Prezidenti ilə İtaliya Respublikası Baş naziri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxtərəfli Strateji Tərəfdaşlığın Gücləndirilmsinə dair Birgə Bəyannamə”nin iki ölkə arasında əlaqələrin hazırkı yüksək səviyyəsinin təcəssümü olması ilə yanaşı, növbəti illərdə strateji tərəfdaşlığın bütün sahələr üzrə daha da dərinləşdirilməsi üçün güclü əsas yaratdığını bildirib.
Azərbaycan və İtaliyanın bütün məqamlarda yaxın dost kimi bir-birinin yanında olduğunu da deyən diplomat pandemiya dövründə iki ölkənin qarşılıqlı humanitar, sosial və mədəniyyət sahələrində müxtəlif təşəbbüslərlə yaxınlıq və həmrəylik nümayiş etdirdiyini deyib. Azərbaycanın qlobal səviyyədə pandemiyaya qarşı mübarizədə həyata keçirdiyi fəaliyyəti barədə də danışan səfir bu xüsusda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidentinin BMT-nin videokonfrans formasında xüsusi sessiyasının çağırılması təşəbbüsünün 130 ölkə, o cümlədən İtaliya tərəfindən də dəstəkləndiyini qeyd edib.
Çıxışında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları mövzusundan ətraflı bəhs edəm diplomat 30 ildir Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, torpaqlarımızın 20 faizinin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunun işğal edildiyini və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü bildirib. O, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son hərbi avantüranın işğal siyasətinin davamı olduğu və törətdiyi cinayətlərinə görə cəzalandırılmadığından irəli gəldiyini deyib. Ermənistanın bu avantürasının arxasında dayanan məkrli niyyət və məqsədlər barədə məlumat verən səfir bunun Ermənistan rəhbərliyinin həmin ölkədəki ağır daxili vəziyyətdən diqqəti yayındırmaq, Azərbaycanın yeni ərazilərini işğal etmək, məsələyə üçüncü tərəfləri cəlb etmək, strateji enerji və nəqliyyat infrastrukturunu hədəf almaqdan ibarət olduğunu bildirib. Ermənistanın hədəf aldığı Tovuz rayonunun Azərbaycanın və Xəzər dənizinin enerji resurslarının qərbə və dünya bazarlarına daşınmasını həyata keçirən bütöv infrastruktur, eləcə də Şərq və Qərbi birləşdirən önəmli dəmir yolu və avtomobil bağlantılarının, habelə Avropaya, xüsusilə də İtaliyaya təbii qazı tədarük edəcək, son hissəsi Trans Adriatik boru kəməri olan Cənub Qaz Dəhlizinin keçdiyi strateji bölgə olduğunu deyib.
Çıxısının sonunda diplomat vurğulayıb ki, Ermənistan rəhbərliyinin bu hərbi avantürası beynəlxalq ictimaiyyətin təcavüzkar Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında fərq qoyulmamasının nəticəsidir və beynəlxalq ictimaiyyət təcavüzkar Ermənistana öz işğalçılıq siyasətindən əl çəkməsi üçün güclü təzyiq göstərməyincə, bu ölkə cinayət əməllərini davam etdirəcəkdir, çünki cəzasız qalan cinayətlər yeni cinayətlərə yol açır.