Horadiz şəhərindəki Bayraq Meydanının ərazisində Dövlət Rəmzləri Muzeyinin inşası yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 300 kvadratmetrə yaxın olan Dövlət Rəmzləri Muzeyinin binası aypara və səkkizguşəli ulduz formasındadır. Hazırda muzeyin daxilində tərtibat işləri görülür. Muzeydə tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, həmçinin Silahlı Qüvvələrin qoşun növlərinin bayraqları, gerblər, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunub saxlanılacaq.
Dövlət Rəmzləri Muzeyi Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün artırılmasına, rayon sakinlərində və rayona gələn qonaqlarda şanlı tariximiz haqqında geniş təsəvvür yaratmağa imkan verəcəkdir.