“Qarabağ” UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirib.
“Report”un məlumatına görə, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Moldova “Şerif”ini qəbul edib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Azərbaycan çempionu III təsnifat mərhələsinə adlayıb.
Matçda hesab 22-ci dəqiqədə açılıb. Xayme Romeroya qarşı kobudluqdan sonra təyin olunan penaltini Uroş Matiç dəqiq yerinə yetirib. 39-cu dəqiqədə qonaqlar meydanda azlıqda qalıblar. Penaltinin səbəbkarı olmuş Anatol Abanq bu dəfə Bədavi Hüseynovun sifətinə təpiklə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. İlk hissə “Qarabağ”ın minimal hesablı qələbəsi ilə başa çatıb.
İkinci yarıya da hücumlarla başlayan Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 63-cü dəqiqədə 2-ci topu Tiraspol təmsilçisinin qapısından keçirib. Bu dəfə Abdullah Zubirin ideal ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Mahir Emreli fərqlənib. “Şerif”in gücü isə yalnız fərqi azaltmağa çatıb. 78-ci dəqiqədə meydana sonradan daxil olan kolumbiyalı hücumçu Frank Kastanyedo qollardan birinin əvəzini çıxıb. Bu, eyni zamanda matçın yekun hesabı olub.
Beləliklə, “Qarabağ” ÇL-in III təsnifat mərhələsinə yüksəlib. Qitənin ən nüfuzlu klub turniri ilə vidalaşan “Şerif” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Şimali Makedoniya “Sileks”ini 4:0 hesabı ilə yenib. Azərbaycan komandasının ÇL-in III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də atılacaq püşk nəticəsində müəyyənləşəcək.