Moldovanın Qaqauziya muxtar ərazisinin paytaxtı Komrat şəhərində Türkiyənin baş konsulluğu açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Qaqauziya başqanı İrina Vlax iştirak ediblər.
Baş konsulluğun açılışından əvvəl M.Çavuşoğlu və İ.Vlax arasında görüş keçirilib. Görüşdən sonra tərəflər mətbuata bəyanatlarla çıxış ediblər.
İ.Vlax bildirib ki, Türkiyə Qaqauziyanın yaxın dostudur. Türkiyə 30 ilə yaxındır ki, Qaqauziyanın siyasi, iqtisadi və sosial inkişafına dəstək olur.
“Bugünkü görüşümüzdə gələcək planlarımızı müzakirə etdik. Türkiyə Qaqauziya ərazisində xəstəxana, uşaq bağçası, məktəb və stadionun tikilməsi üçün sərmayə qoyacaq. Baş konsulluğun fəaliyyəti isə Türkiyə ilə Qaqauziya arasında əməkdaşlığı daha da möhkəmləndirəcək”, – deyə İ.Vlax bildirib.
Bu gün Moldovanın müstəqillik gününü qeyd etdiyini bildirən M.Çavuşoğlu deyib: “Biz güclü Moldovanın daxilində güclü Qaqauziyanın olmasını arzulayırıq. Türkiyə bu istiqamətdə dəstəyini heç vaxt əsirgəmir və əsirgəməyəcək. Moldova ilə münasibətləri gücləndirdikcə, Qaqauziya bu işdə körpü olur. Xarici siyasətimizdə soydaşlarımız çox önəmli yer tutur, Qaqauziya da bu sıradadır. Qaqauziyanın inkişafı üçün uğurlu layihələr davam etdiriləcək. Soydaşlarımızın ana dilinin inkişafı üçün də layihələr həyata keçirilir”.