Bu il tam orta məktəbi bitirən 1135 nəfər qəbələli məzundan 32 nəfəri ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova məlumat verib.
Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini vurğulayan şöbə müdiri bildirib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.
Arifə Bayramova deyib ki, qəbul imtahanlarında Qəbələ şəhər 4 saylı tam orta məktəbin məzunlarından 7 nəfər və Vəndam qəsəbə tam orta məktəbin 5 məzunu 600 baldan yuxarı nəticə göstərib. İmtahanlarda Norhurqışlaq kənd məktəbinin məzunu İsmayıl Məsimov rayon üzrə hamıdan çox – 688 bal toplayıb. Qəbələ şəhər 4 saylı tam orta məktəbin məzunu Aytac Əmirova qəbul imtahanlarında 686, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin məzunu Zeynəb Ələsgərli isə 680 bal toplamağa müvəffəq olublar.