Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanının ərazisində yeni yanğın başlayıb.
AZƏRTAC Al Arabiya telekanalına istinadla xəbər verir ki, güclü yanğın avqustun 4-də partlayışın baş verdiyi anbarın yaxınlığında başlayıb.
Yanğının səbəbləri hələ ki, məlum deyil. Hazırda yanğınsöndürən maşınlar və təcili tibbi yardım avtomobilləri hadisənin baş verdiyi ərazidə fəaliyyət göstərir. Livan ordusunun helikopterləri də yanğının söndürülməsinə cəlb olunub. İşçilər təcili olaraq liman ərazisini tərk edir.
Hakimiyyət orqanlarının məlumatına görə, yanğın limanın azad gömrük zonasında yerləşən avtomobil təkərlərinin və mühərrik yağının saxlanıldığı anbarda baş verib.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında bir neçə güclü partlayış baş vermişdi. Partlayış dalğası şəhərdəki binaların yarısını zədələyib. Son məlumata görə, insident nəticəsində 190 nəfər həlak olub, 6 mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, 300 min insan isə evsiz qalıb. Sentyabrın 19-dək Livanın paytaxtında fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Livan hakimiyyətinin məlumatına görə, partlayışlara altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2 min 750 ton ammonium nitrat səbəb olub.
Partlayışdan sonra Livanda hökumət əleyhinə mitinqlər başlayıb və nəticədə ölkə hökuməti istefa vermək məcburiyyətində qalıb.