Sentyabrın 19-da-Neftçilər günü ərəfəsində neft-qaz sənayesi işçiləri üçün Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki İlqar Mirzəyev küçəsi 3 ünvanında inşa edilən 1 girişli 16 mərtəbəli və mansarddan, eləcə də ikimərtəbəli zirzəmidən ibarət olan yeni yaşayış binası istifadəyə verildi.
Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir. 96 mənzilin olduğu binada, ümumilikdə, 16 üç otaqlı, 64 iki otaqlı və 16 bir otaqlı mənzil var. Binanın ümumi sahəsi 8263,20 m2, 1-ci mərtəbədə yerləşən qeyri yaşayış sahəsi isə 734,2 m2-dir. Bina su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, qaz plitələri, dəhliz mebeli və çilçıraqla təmin olunub, həyətdə istirahət guşəsi yaradılıb, ətraf ərazi abadlaşdırılıb.
Mənzil alan neftçiləri təbrik edən SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “Dünyada baş verən qlobal pandemiyanın iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları neftçilərin sosial məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Əməkdaşlarımızın növbəlilik əsasında mənzillərlə təmin edilməsi şirkətimiz üçün əsas prioritetlərdəndir. Biz, bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.
Rövnəq Abdullayev binadakı mənzillərin şəraiti ilə tanış olub. Sonra burada mənzil alan neftçilərə order və açarlar təqdim edilib. 2018-ci ilin aprelindən tikintisinə başlamış binanın sifarişçisi “Neftçi” MTK, layihəçisi “Kəpəz” YİF, podratçısı isə “Bakıyaşayıştikinti” MMC-dir.
Xatırladaq ki, mənzil uçotunda olan neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni yaşayış binalarının tikilməsi məqsədi ilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Yaxın zamanlarda Bibiheybət ərazisində yeni yaşayış kompleksinin tikintisinə başlanılacaq.