Sentyabrın 22-də Rusiyanın paytaxtı Moskvada “Worldfood Moscow 2020” beynəlxalq sərgisi öz işinə başlayıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 25-dək davam edəcək sərgidə 30-dək Azərbaycan şirkətinin nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə və tərəvəz, mineral sular, qənnadı və un məmulatları, çay, mürəbbə, meyvə quruları və distilyatları, kompot, limonad və digər məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.
Qeyd edək ki, Azərbaycan istehsalı olan qeyri-neft məhsulları indiyədək Rusiyada keçirilmiş bir sıra beynəlxalq sərgilərdə təqdim olunub, sahibkarlarımız və xarici iş adamları arasında ixraca dair müzakirələr aparılıb, razılıqlar əldə olunub. Belə ki, ötən il Rusiyada təşkil olunmuş 2 beynəlxalq sərgi çərçivəsində Azərbaycan şirkətləri müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsulların Rusiyaya ixracına dair 11,1 milyon manat dəyərində müqavilə bağlayıb. İndiyədək bu müqavilələr üzrə 10,7 milyon manatdan çox məhsul ixrac olunub.
Bu il fevralın 10-14-də Moskvada təşkil edilmiş “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində isə 30-dan çox Azərbaycan şirkətinin çoxsaylı çeşiddə məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib. Sərgi nəticəsində Azərbaycan məhsullarının ixracına dair 14 milyon manat dəyərində müqavilə imzalanıb və artıq 10 milyon manatdan çox məhsul ixrac edilib.