Sentyabrın 24-də Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Gürcüstan Prezidenti Salome Zurabişvili Ceyhun Bayramovu Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb. Həmçinin nazirin fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində addımlar atılacağından ümidvar olduğunu qeyd edib.
Prezident Salome Zurabişvili səmimi salamlarının Azərbaycan Respublikası Prezidentinə çatdırılmasını xahiş edib.
Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidentinin salamlarını Gürcüstan Prezidentinin diqqətinə çatdırıb.
Xarici İşlər naziri səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri üzrə olduqca faydalı müzakirələrin aparıldığını qeyd edib. İki ölkə arasında hər üç – siyasi, iqtisadi və humanitar istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsinə eyni səviyyədə əhəmiyyət verildiyi qeyd olunub.
Tərəflər bölgədə mövcud olan həll edilməmiş və regional təhlükəsizliyə ciddi təhdid yaradan münaqişələri vurğulayaraq, bu münaqişələrin həllində oxşar mövqe sərgilədiklərini diqqətə çatdırıblar. Ölkələrimizin bir-birinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığı vurğulanıb.
Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.
Söhbət zamanı hər iki ölkənin iştirakı ilə həyata keçirilən iqtisadi, enerji, nəqliyyat layihələrindən bəhs edilib. Regional dəhlizlərin imkanlarının daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin turizm, humanitar, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Gürcüstan Prezidenti bölgədə sülhün və sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov öz növbəsində Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələrinə diqqəti yönəldərək, Ermənistan rəhbərliyinin son təxribatçı fəaliyyəti barədə Gürcüstan Prezidentinə məlumat verib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb.
Görüşdə mövcud pandemiya şəraitində dövlətlərin həmrəyliyinə və əməkdaşlığına yüksək ehtiyac duyulduğu qeyd olunub. Bu xüsusda iki ölkə arasında yüksək əlaqələndirmə və əməkdaşlığın mövcud olduğu vurğulanıb.
Görüşün sonunda Prezident Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidentini və Birinci vitse-prezidentini Gürcüstana səfərə dəvət edib.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.