Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Türk Şurasının baş katibi Bağdad Amreyev arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Türk Şurası məlumat yayıb.
Qeyd olunub ki, XİN başçısı Ceyhun Bayramov Türk Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı yeni təcavüzü qarşısında Azərbaycana verdiyi dəstək və obyektiv mövqeyinə görə təşəkkürünü bildirib. Nazir mülki vətəndaşlar və obyektlərin hədəfə almasının Ermənistanın təxribat siyasətinin bir parçası olduğunu vurğulayıb.
Baş katib isə türk dünyasının qarşıdurma bölgəsindəki hadisələri dərin narahatlıqla izlədiyini bildirərək Türk Şurasının Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllini dəstəklədiyini qeyd edib.
XİN başçısı Ceyhun Bayramov və baş katib Bağdad Amreyev həmçinin Türk Şurasının gündəmindəki önəmli mövzular ətrafında fikir mübadiləsi aparıblar.