Ermənistan silahlı qüvvələrinin xeyli sayda tank və PDM-ləri ələ keçirilib

Şanlı Azərbaycan Ordusunun daha bir uğurlu əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin xeyli sayda tank və PDM-ləri ələ keçirilib.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, erməni təxribatına qarşı ordumuz tərəfindən hərbi əməliyyatlar uğurla davam etdirilir. Ötən gün Azərbaycan əsgəri düşmənə bir daha ağır zərbə vurub. Hərbçilərimiz qarşısında aciz qalan ermənilər texnikalarını ataraq qaçıblar. Nəticədə 30-a yaxın tank və piyada döyüş maşınları (PDM) ələ keçirilib. Texnikalar işlək vəziyyətdədir.

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

 

 

ƏvvəlkiBişkekdə fövqəladə vəziyyət tətbiq edilir
NövbətiAzərbaycanda koronavirus infeksiyasına 215 yoluxma faktı qeydə alınıb