Hazırda şəhər xidmətlərinin (təhsil, səhiyyə, ictimai iaşə, idman, əyləncə, mədəni, turizm, inzibati-hüquqi, rabitə və sair xidmətlər) əksəriyyəti Bakı şəhərinin mərkəzi hissəsində cəmlənib. Şəhərətrafı yaşayış məntəqələrində isə xidmətlərlə təminat səviyyəsinin aşağı olması mərkəzdən kənarda yerləşən ərazilərin yaşayış cəlbediciliyinin nisbətən aşağı olması ilə nəticələnib.
AZƏRTAC xəbər verir ki, bu barədə ictimaiyyətə təqdim olunan Bakı şəhərinin Baş planının layihəsində deyilir.
Bildirilir ki, Baş Plan çərçivəsində mövcud planlaşdırma strukturu nəzərə alınmaqla ərazinin çoxmərkəzli inkişaf modelinin yaradılması təklif olunur. Çoxmərkəzlilik konsepsiyası bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanlar və xidmət standartları təqdim edəcək. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur.
Təklif edilən sistem üzrə hər bir mərkəz özünün təsir dairəsinə daxil olan əraziləri müvafiq şəhər xidmətləri ilə təmin edərək əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Baş plan çərçivəsində mərkəzlər aşağıdakı kateqoriyalara bölünüb:
Mərkəzi Bakı (Mərkəzi Planlaşdırma Rayonu) paytaxt Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək.
Regional mərkəzlər (Ələt, Mərdəkan və Sumqayıt*) Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək. Regional şəhər mərkəzlərinin mövcud/planlaşdırılan nəqliyyat infrastrukturu vasitəsilə Mərkəzi Bakı ilə əlaqəsi təmin edilir. Bu mərkəzlərin şəhərin genişlənməsi və ya əhali artımı üçün kifayət qədər ərazi imkanlarına malik olması nəzərdə tutulur.
Alt-mərkəzlər (Lökbatan, Binəqədi, Sabunçu, Zığ/Hövsan və Xırdalan*) Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaq. Bu mərkəzlərlə əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcək.
* Bakı şəhərinin inzibati ərazisindən kənarda yerləşir.