Ana dili – milli qürurumuz

Ömrümün naxışı, bəxtimin xalı,
Dadda, şirinlikdə bal, şəkər dilim!

 

Ana dili bizim müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili ömrümüzə məna verən, onu gözəllədirən əxlaq dərsliyidir. Ana dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Dilsiz insan susuz səhralara bənzər. İnsan hələ körpə ikən dilin vasitəsilə ana laylasındakı doğmalığı duyur, hiss edir, eşitdiyi nağıllardakı hər sözün, hər ifadənin necə səsləndiyini cəhd edir. Mənim ana dilim Azərbaycan dilidir. Bu dil məni dünyaya gətirən anamın dilidir,üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir, Azərbaycan Respublikasının dövlət dilidir. Azərbaycan dili həm qüdrətli və gözəl, həm də mənalı, şirin dildir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdımağa qadir bir dildir.

Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli fikirlər söyləmişdir. Azərbaycan dili haqqında yazıçı Mirzə İbrahimovun fikri çox maraqlıdır. O yazır: “Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şerlə, ahənglə, musiqi ilə doludur.”

İnsan həyatında dil qədər lazımlı, dil qədər ecazkar bir şey yoxdur. Çünki məhz dilin köməyilə biliklərə yiyələnir, onun vasitəsi ilə öz sevinc və arzularımızı, sevgi və məhəbbətimizi, qəzəb və nifrətimizi bildiririk. Azərbaycan dili əsrlər boyu inkişaf edərək zaman çərçivəsində süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Bir çox tanınmış şəxsiyyətlər bu dilin gözəlliyini duyaraq onu öyrənmək həvəsində olmuşlar.

Böyük rus şairi M.Y.Lermontov Qafqazda olarkən dostu S.A.Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir.

Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onu saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim borcumuzdur. Mən canım Azərbaycan  adlı məmləkətdə yaşayıb Azərbaycan dilində danışdığıma görə fəxr edir və yazımı görkəmli şairimiz Nəbi Xəzrinin şerindən götürülmüş bir bəndlə bitirmək istəyirəm:

Ucalır bağçada bülbülün səsi,
Çay susur, əsməyir çəməndə yel də.
Nə qədər doğmadır onun nəğməsi
Bülbül də elə bil ötür bu dildə.

Rövşən Məmmədov

Azərbaycan Respublikası Nazirlər Kabineti

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Əməkdaşı

ƏvvəlkiAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb
Növbətiİlham Əliyev onlara ev və maşın verdi