Pakistanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə “RİA Novosti” agentliyinə müsahibəsində bu ölkənin hərbi qüvvələrinin Azərbaycan ordusuna yardım etməsi ilə bağlı fikirlərini əsassız adlandırıb.
“Report” xəbər verir ki, XİN bəyanatında Ermənistanın Baş nazirinin əsassız və yersiz şərhlərini qəti şəkildə rədd edib.
Nazirlik xatırladıb ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan silahlı qüvvələrinin kifayət qədər güclü olduğunu və öz torpaqlarını müdafiə etmək üçün heç bir xarici ölkənin köməyinə ehtiyacı olmadığını bildirib.
Pakistan XİN hesab edir ki, Ermənistan rəhbərliyi özünün Azərbaycana qarşı qanunsuz hərəkətlərini ört-basdır etmək üçün bu cür məsuliyyətsiz təbliğata sığınır.
“Pakistan Azərbaycana diplomatik, mənəvi və siyasi dəstəyini ardıcıl şəkildə genişləndirib. Pakistan qardaş Azərbaycan xalqının yanında durmağa davam edəcək və onun hər hansısa təcacüzə qarşı özünümüdafiə hüququnu dəstəkləyəcək”, – deyə bəyanatda vurğulanır.
Pakistan XİN əlavə edib ki, münaqişə tərəfləri arasında sülh və münasibətlərin normallaşdırılması BMT TŞ-nın qətnamələrinin tam və hərtərəfli icrasından və Ermənistan hərbi qüvvlərinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olacaq.