Ədliyyə Nazirliyinin Penitensiar xidməti Fəxrəddin Abbasovun intiharı ilə bağlı açıqlama verib.
Penitensiar Xidmətdən “Qafqazinfo”ya verilən məlumata görə, 9 noyabr 2020-ci il tarixdə Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd edib:
“Həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilib. İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı müəyyən edilib ki, o, həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks-hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirib və özünə qəsd etməyə əl atıb.
Qeyd edilməlidir ki, F.Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etdiyinə, ölkəmizin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum edilib”.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.