Milli Məclisin sədri TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri ilə görüşüb

Noyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə spiker Sahibə Qafarova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi Qələbə haqqında məlumat verib. Deyib ki, bu Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu Zəfər tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq.

Sahibə Qafarova türk dünyasını təmsil edən qurumların nümayəndələri ilə görüşdən məmnun olduğunu söyləyib. Bildirib ki, qonaqların rəhbərlik etdiyi qurumlar bu gün türk dünyası ölkələri arasında əlaqələrin möhkəmlənməsi işinə böyük töhfələr verir. TÜRKPA bu istiqamətdə parlament əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Hazırda bu təşkilata sədrliyi Azərbaycan Milli Məclisi həyata keçirir. Qurumun sədri kimi biz Milli Məclis olaraq TÜRKPA-nın fəaliyyətinə lazımi dəstəyi bundan sonra da göstərmək niyyətindəyik. Çünki bu qurum təşkilata üzv ölkələrin xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində böyük rola malikdir.

Türk Akademiyasının fəaliyyətindən də söz açan Milli Məclisin sədri təşkilatın xətti ilə görülən işləri təqdirəlayiq hesab edib. Bildirilib ki, əsası 2009-cu ildə Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşündə qoyulan bu qurum türk dünyasında müxtəlif sahələr üzrə tədqiqatlar aparmaq üçün təsis edilib və ötən qısa dövr ərzində uğurlu nəticələr göstərib.

Spiker Türk Mədəniyyəti və İrsi Fondu haqqında da danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu qurum türk xalqlarının mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və təbliğində əhəmiyyətli rol oynayır. Fondun xətti ilə keçirilən dəyirmi masalar, sərgilər, beynəlxalq tədbirlər bu məqsədlərə xidmət edir.

Görüşdə çıxış edən TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Milli Məclisin sədrini, Azərbaycan xalqını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə səmimi-qəlbdən təbrik ediblər.

Sonra qonaqlar təmsil etdikləri təşkilatların fəaliyyəti və gələcək planları haqqında məlumat verib, gələcəkdə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında, o cümlədən Şuşada beynəlxalq tədbirlər keçirmək niyyətində olduqlarını söyləyib, bu məsələ ilə əlaqədar fikirlərini bölüşüblər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də danışılıb.

Əvvəlki“Azəristiliktəchizat”: Bu gündən istiliyin verilməsinə başlanılıb
NövbətiMədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir