Noyabrın 30-da OPEC Nazirlər Şurasının videokonfrans formatında 180-ci iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Əlcəzairin energetika naziri, OPEC Konfransının prezidenti Abdelmadjid Attar sədrliyi ilə baş tutan iclas canlı yayımlanır. İclasda qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları və hasilatın azaldılması öhdəliklərinin icrası müzakirə edilir.
İclasda “OPEC+” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin uzadılıb-uzadılması və ya koalisiyanın yanvar ayından etibarən hasilatı gündəlik 2 milyon barrel artırıb-artırmaması məsələlərinə baxılması nəzərdə tutulur.
Qeyd edək ki, dekabrın 1-də isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 12-ci videogörüşü keçiriləcək.
Xatırladaq ki, oktyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 675,2 min barrel olub. Bunun 587 min barrelini xam neft, 88,2 min barrelini isə kondensat təşkil edib. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Bununla da Azərbaycan oktyabr ayında “OPEC+” üzrə xam neft hasilatını orta günlük 587 min barrel həcmində icra etməklə, “OPEC+” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.
12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edir.