Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm tarixi qələbə, işğal olunmuş ərazilərimizin cəmi 44 gün ərzində düşməndən azad edilməsi müharibə əlillərində də sonsuz fəxr və iftixar hissləri yaradıb. Onlar Ali Baş Komandanımızla, qüdrətli Ordumuzla fəxr edirlər.
“Report” xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün “Xəzər” markalı 40 avtomobilin müharibə əlillərinə təqdim edilməsi tədbirində vurğulanıb.
Tədbirdə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Prezident İlham Əliyevin həssas əhali qruplarına qayğısından bəhs edib.
O, ölkədə bütün sosial proqramların uğurla davam etdirildiyini və genişləndirildiyini deyib. Güclü Orduya malik Azərbaycanın həm də güclü sosial siyasətə malik olduğunu vurğulayıb. Azərbaycanda qələbə ovqatının hökm sürdüyü bu günlərdə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin avtomobillə təminatı tədbirlərinin də uğurla davam etdirildiyini diqqətə çatdırıb.
H.Məmişov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verilib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Ümumilikdə isə Nazirlik ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanları 7 000-dən çox minik avtomobili ilə təmin edib.
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı işlərindən də bəhs edilib. Qeyd olunub ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda – azı 1 500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1 050-dən çoxu verilib.
Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9 000-ə yaxın mənzil və fərdi ev verilib. Bu tədbirlər bir daha göstərir ki, Vətən naminə döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinin, bu döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsi daim diqqət mərkəzindədir və onların rifahı üçün bütün dəstək tədbirləri görülür.
Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edərək, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçımıza minnətdarlıqlarını ifadə ediblər.