Karantin rejimi tələblərinin təmin edilməsi məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları respublikanın bütün şəhər və rayonlarında gücləndirilmiş iş rejimində çalışırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətdən AZƏRTAC-a bildiriblər ki, infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.
Dekabrın 10-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 27 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.
Tibbi prosedurlar gözlənilməklə görülən tədbirlərlə onlardan 26-sı evə qaytarılıb, 1 nəfər xəstəxanaya yerləşdirilib, 20 nəfər barəsində isə cinayət işi başlanılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq araşdırmaları davam etdirilir.