“Son bir ildə və onilliklərdə Azərbaycan da Türkiyə iqtisadiyyatı üçün böyük töhfələr verib. Hazırda Azərbaycan SOCAR-ın timsalında Türkiyənin ən böyük xarici investorudur”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, SOCAR bu ölkədə onminlərlə iş yeri yaradıb: “Türkiyəni böyük bir enerji habına, enerji qovşağına çevrilməsinə və Türkiyənin Avropa Birliyi üçün də enerji habı kimi əhəmiyyətinin artırılmasına da Azərbaycan mühüm töhfələr verib”.
SOCAR rəsmisi xatırladıb ki, dünən Azərbaycan və Türkiyənin enegetika nazirləri Naxçıvana yeni qaz boru kəmərinin çəkilməsi ilə bağlı Anlaşma Memorandumu imzalayıblar: “Boru kəmərinin İğdırdan Naxçıvana çəkilməsi nəzərdə tutulur. Həmin boru vasitəsilə Azərbaycanın Türkiyəyə Gürcüstan üzərindən nəql etdiyi qaz həcmlərinin bir hissəsi Naxçıvana da ötürülə bilər”.
O qeyd edib ki, indiyədək Naxçıvanın qaz tələbatı əsasən iran vasitəsilə təmin olunurdu: “Yəni Azərbaycan İrana müəyyən həcmlərdə qaz verirdi. Bunun müqabilində isə İran müəyyən qədər qazı Naxçıvana ötürürdü. Nəticədə Naxçıvanın illik 300-400 milyon kubmetr civarında qaza olan tələbatı təmin olunurdu”.
SOCAR rəsmisi iki ölkə [Azərbaycan və Türkiyə] arasında yeni imzalanan sazişdən Azərbaycan üçün əsas faydanın Naxçıvanın qaz təchizatının şaxələndirilməsində görür. O bildirib ki, bunun üçün də bu mövzu çoxdan gündəmdə idi: “Təxminən 10 il əvvəl belə bir sənəd imzalanmışdı və belə bir layihənin həyata keçirilməsi nəzərdə tutulurdu. Düzdür, indiyə qədər Naxçıvan üçün qaz təchizatı ilə bağlı hər hansı bir problem yaranmamışdı. Naxçıvana İran üzərindən mütəmadi qaz ötürülürdü. Ancaq sırf bir vasitəçidən və yaxud bir mənbəyə bağlı olmaq heç bir tərəf üçün məqbul olan davamlı bir vəziyyət deyil. Hər bir ölkə istəyər ki, öz regionlarının və əsas hissəsinin qaz təchizatını şaxələndirsin və bir tərəfdən asılı vəziyyətdə olmasın. İki-üç tərəf olanda onlar arasında müəyyən seçimlər etmək olar. Hər hansı birtərəfli problem və ya texniki qəza yaranarsa, Naxçıvana qaz axını dayanmayacaq. Bununla da Naxçıvanın enerji təhlükəsizliyi gücləndiriləcək. Bu baxımdan bu sazişin imzalanmasının Azərbaycan üçün böyük faydası var”.
Sonda İ. Əhmədov vurğulayıb ki, Türkiyə tərəfi artıq bu boru kəmərinin tikintisinə başlamaqda qərarlıdır: “Bizim tərəfimizdən də hazırda hər hansı maliyyə iştirakı ilə bağlı bir qərar yoxdur”.
Xatırladaq ki, dünən Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.
Qeyd edək ki, Anlaşma Memorandumuna əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – SOCAR və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.
İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana – Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri ilə illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.